MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATDI
İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir. Cənab Prezident öz dərin məzmunlu çıxışı ilə ölkədə həyata keçirilən islahatlar, qarşıda dayanan məsələlər, o cümlədən Emənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər söyləmişdir. Həm çıxışında, həm də çıxışından sonra suallara cavab verərkən möhtərəm Prezidentimiz Azərbaycanı Avropaya layiqincə təqdim etmiş, Azərbaycanın beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu, beynəlxalq təşkilatlar qarşısında alnıaçıq olduğunu nümayiş etdirmiş və bir daha sübut etmişdir ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Cənab İlham Əliyevin bu çıxışı bir daha sübut etdi ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr edir. Milli Məclisin Sədri bu gözəl təqdimata görə deputatlar adından Prezidentə təşəkkür etdi.
Sonra çıxış edən deputatlar da Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışını yüksək qiymətləndirdilər.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Əvvəlcə millət vəkilləri "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə ikinci səsvermədə müsbət münasibət bildirdilər.
Sonra deputatlar Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsinə və "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında" Sazişin təsdiq edilməsinə razılıq verdilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında məsələnin müzakirəsi zamanı qeyd olundu ki, təklif olunan dəyişiklik ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydasının “İctimai iştirakçılıq haqqında” Qanun nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmasını özündə ehtiva edir. Deputatlar bu dəyişikliyi səsə qoyaraq təsdiq etdilər.
İclasın sonunda “Balıqçılıq haqqında" Qanuna təklif olunan dəyişikliklər də müzakirə edildi. Bildirildi ki, qanunun Əsas terminlər və anlayışlar, Balıq və digər su bioresursları üzərində mülkiyyət, Balıqçılıq subyektlərinin uçotu, Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri, Balıqçılıq sahəsində dövlətin vəzifələri, Akvakultura və digər maddələrə təklif olunan dəyişikliklər bu sahənin daha da inkişafına xidmət edəcəkdir. Müzakirələrdən sonra təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti