ATƏT PARLAMENT ASSAMBLEYASININ PLENAR İCLASI İŞƏ BAŞLADI
İyunun 28-də ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində plenar iclasın təntənəli açılış mərasimi oldu. Plenar iclası açan ATƏT PA-nın sədri Ranko Krivokapiç bu tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə ölkə Prezidenti İlham Əliyevə, Milli Məclisin Sədri Oqtay Əsədova, Milli Məclis Sədrinin müavini Bahar Muradovaya təşəkkürünü bildirdi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi.
Ölkə başçısı bildirdi ki, Azərbaycan böyük tarix və mədəniyyətə malik ölkədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra demokratik təsisatların qurulması və islahatların həyata keçirilməsi bizim əsas vəzifələrimiz idi. Bu siyasi və iqtisadi islahatların həyata keçirilməsi bu gün ölkəmizdə sabitlik yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda tam şəkildə fəaliyyət göstərir.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub, internet azaddır, ölkə əhalisinin yarıdan çoxu internet istifadəçisidir. Biz qısa müddətdə müasir dövlət yarada bildik. Bununla belə, yaxın gələcəkdə bir çox işlər görməliyik. ATƏT və digər beynəlxalq təşkilatlarla qurduğumuz iş birliyi planlarımızı həyata keçirməyə imkan yaradacaq.
Dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycanın xarici siyasətində ən böyük uğurlarından biri bir neçə il əvvəl ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub. Bu, ölkəmizin ən böyük diplomatik qələbəsi idi.
Azərbaycanın hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyini bildirən Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq təşkilatların qərarlarının və qətnamələrinin həyata keçirilməsi vacib məsələdir. BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir, elə qətnamələri də var ki, 20 ildir kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir. Bunun nəticəsində həmin beynəlxalq təşkilatlara etimad azala bilər.
Ölkə başçısı vurğuladı ki, Azərbaycan 20 ildən çoxdur ki, erməni təcavüzündən və işğalından əziyyət çəkir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir Ermənistanın işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkələrində tanınıb.
BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına Ermənistanın məhəl qoymadığını söyləyən dövlət başçısının sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarına da məhəl qoymur. Həmsədr ölkələrin prezidentləri bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanan həlli ilkin şərtdir. Öz müqəddəratını təyin etməyə gəlincə isə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, nəyə görə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmalıdırlar? Axı, indiki Ermənistanı da Azərbaycanın ərazisində yaradıblar.
ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdıldığının öz əksini tapdığını nəzərə çatdıran Prezident İlham Əliyev onu da vurğuladı ki, etimadın bərpa olunması üçün Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır.
Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Cənub Qaz Dəhlizinin mühüm təşəbbüskarıdır. Trans-Anadolu, Trans-Adriatik, “Şahdəniz” layihələri həyata keçirilməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək.
Çıxışına yekun vuran Prezident İlham Əliyev bu gün Azərbaycanda keçirilən sessiyada iştirak edən xarici ölkələrin nümayəndələrinin ölkəmiz haqqında maraqlı məlumatlar əldə edəcəyinə, ölkəmizdən xoş təəssüratlarla ayrılacağına inamını ifadə etdi və sessiyanın işinə uğurlar arzuladı.
Açılış mərasimində çıxış edən ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç bildirdi ki, müsəlman dünyasında ilk nümunəvi dünyəvi dövlət Azərbaycanda yaradılıb. O, diqqətə çatdırdı ki, Azərbaycan regionda böyük rol oynayır, ATƏT qarşısında götürdüyü öhdəliklərin çoxunu yerinə yetirib. Krivokapiç ATƏT-in Ukrayna böhranına öz töhfəsini verdiyini də qeyd etdi və dünən 4 ATƏT müşahidəçisinin sərbəst buraxılmasına töhfə verən tərəflərə təşəkkür etdi. Bildirdi ki, biz bundan sonra da münaqişələrin həllinə töhfə verməyə çalışacağıq.
ATƏT-in Bakıda keçirilən sessiyası barədə danışan Ranko Krivokapiç 5 gün ərzində ATƏT Parlament Assambleyasının sessiyasında müxtəlif məsələlərin müzakirə olunacağını söylədi. Bildirdi ki, səylərimiz Bakı Bəyannaməsində əksini tapacaq. Əsas məqsədimiz insan təhlükəsizliyinə nail olmaqdır.
Krivokapiç öz çıxışında növbəti 40 il ərzində ATƏT Parlament Assambleyasının fəaliyyətinin prioritet istiqamətini müəyyənləşdirməyin zəruri olduğunu da qeyd etdi.
Sonra çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in illik sessiyasının Azərbaycanda keçirilməsini mühüm hadisə kimi xarakterizə etdi. Bildirdi ki, Azərbaycanın inkişafı nəticəsində elə bir şərait yaranmışdır ki, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin burada keçirilməsi ənənə halını almışdır. Bakı nüfuzlu beynəlxalq təşkilatların toplantılarına, beynəlxalq humanitar forumlara, mədəniyyətlərarası dialoq məclislərinə, böyük idman yarışlarına ev sahibliyi edir. Gələn il Azərbaycan paytaxtında tarixdə ilk Avropa oyunları keçiriləcəkdir.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Parlament Assambleyasının 23-cü illik sessiyası üçün “Helsinki+40: hər kəs üçün təhlükəsizliyə doğru” devizinin seçilməsi müasir çağırışlar şəraitində beynəlxalq ictimaiyyəti düşündürən problemlərin ən vacibini əks etdirir. Helsinkidən sonra qlobal təhlükəsizliyin yeni anlamını ortaya qoyan insan təhlükəsizliyi konsepsiyası bütün təhlükəsizlik növlərinin təməlini və özəyini təşkil edir. Dövlətin başlıca vəzifələrindən biri öz vətəndaşlarının insani təhlükəsizliyini təmin etməkdən ibarətdir. Lakin qloballaşmanın getdikcə vüsət aldığı dünyada insan təhlükəsizliyi anlayışına daxil olan mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi, ölkə ərazisində yaşayan xalqların mövcudluğunun və ləyaqətinin qorunması üçün dövlətlər ilə yanaşı, beynəlxalq birlik, o cümlədən beynəlxalq təşkilatlar da öz məsuliyyətlərini dərk etməlidirlər.
Milli Məclisin Sədri xüsusən ümumavropa təhlükəsizliyi və əməkdaşlığı məqsədlərinə xidmət edən ATƏT-in potensialına diqqəti cəlb etdi. Bildirdi ki, hərbi-siyasi, iqtisadi, ekoloji və insan təhlükəsizliyinin təmin edilməsi məsələlərində yalnız özünə xas olan yanaşmanı əsas götürməsi bu təşkilatın nadir ümumavropa qurumu olmasını şərtləndirir. Münaqişələrin qarşısının alınmasına, böhranlı halların nizama salınmasına, münaqişələrin nəticələrinin ləğv edilməsinə yönələn fəaliyyəti ilə ATƏT və onun Parlament Assambleyası təkcə dialoq forumu deyil, həm də mövcud problemlərin həlli üçün əməli addımlar atmağa qadir bir qurum olmalıdır. Bu baxımdan ATƏT-in fəaliyyətində səmərəliyin daha da artırılması zəruridir. Biz ümid edirik ki, bu məqsədin əldə edilməsi ATƏT-in əhatə dairəsinə daxil olan bütün ərazilərdə təhlükəsizliyin və sabitliyin, nəticə etibarı ilə insan təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərə bilər. Avropada sülh və sabitlik üçün təhlükə mənbəyi olan münaqişələrin tənzimlənməsi təşkilatın gündəliyində duran ən vacib məsələlərdən biri olmalıdır.
Milli Məclisin Sədri onu da vurğuladı ki, Cənubi Qafqazda mövcud olan münaqişələr arasında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında münaqişə barəsində geniş məlumat verdi. Cənab Prezidentin dedikləri bütün Azərbaycan xalqının, Azərbaycan parlamentinin mövqeyini ifadə edir.
Təəssüf ki, ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasının devizi kimi də seçilmiş Helsinki təməl prinsiplərinin Ermənistan tərəfindən kobudcasına pozulmasına dünya birliyi tərəfindən indiyədək birmənalı qiymət verilməmişdir. Bütün bunlar Azərbaycan tərəfini, təbii ki, narahat edir və hesab edirəm ki, bütün Avropanı daha çox narahat etməlidir.
Bununla bağlı Azərbaycan ATƏT-dən və onun Parlament Assambleyasından münaqişənin həlli yolunun tapılması üçün səylərini artırmağı gözləyir. Bu səylər Avropa ərazisində dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı olan bütün münaqişələrə vahid yanaşma üzərində qurularsa, onların səmərə verəcəyinə ümid bəsləmək olar.
Milli Məclisin Sədri çıxışının sonunda ATƏT-ə güclü və ədalətli olmağı arzuladı.
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının açılış mərasimində çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter bildirdi ki, ATƏT Parlament Assambleyasının 23-cü sessiyasının Bakıda “Helsinki+40” adı altında keçirilməsi çox mühümdür. ATƏT Parlament Assambleyasının sədri əlavə etdi ki, ATƏT-in münaqişələrin həllində rolu artmalıdır. O, bu sahədə ATƏT-in yerlərdəki ofislərinin fəallığının artırılmasının vacibliyini qeyd etdi.
Burkhalter ATƏT-i gücləndirmək üçün Helsinki Yekun Aktının prinsiplərinə əməl etməyin zəruri olduğunu da diqqətə çatdırdı. O, Avropa Birliyinin Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişi imzalaması yönündə həyata keçirilən fəaliyyəti dəstəklədiyini vurğuladı. Bildirdi ki, biz gələcək nəsillərin təhlükəsizliyinə nail olmalıyıq. Bunun üçün Qərblə Şərqin ayrılmamasına çalışmalıyıq.
Bununla da ATƏT PA-nın iyirmi üçüncü illik sessiyası çərçivəsində plenar iclasın təntənəli açılış mərasimi başa çatdı. Fasilədən sonra iclas öz işini davam etdirdi.
Öncə Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin çıxış edərək Ukrayna məsələsinə münasibətdə təmsil etdiyi dövlətin mövqeyini açıqladı. Son vaxtlar Ukrayna Prezidenti P.Poroşenko ilə əməkdaşlıq etdiklərini söylədi. ATƏT PA üzvlərini bu məsələyə həssaslıqla yanaşmağa çağırdı.
Plenar iclasda çıxış edən Ukrayna Ali Radası sədrinin müavini Ruslan Koşulinski bu mötəbər tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi. O, ölkəsindəki vəziyyət barədə fikirlərini açıqladı. Ukrayna Prezidentinin təşəbbüsü ilə başlanmış sülh prosesini ATƏT PA-nın dəstəkləyəcəyinə ümidvar olduğunu qeyd etdi.
İlk iş gününün yekununda BMT-nin rezident-əlaqələndiricisi Antonius Brek BMT-nin Baş katibi Pan Gi Munun sessiyaya müraciətini oxudu.
Milli Məclisin
Mətbuat xidməti