ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit Komitəsinin iclasında
İyunun 29-da Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin iclası keçirildi.
İclas Qırğızıstanın ATƏT-in PA-dakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirildi. Sədr bildirdi ki, sessiya çərçivəsində komitənin 4 iclasının keçirilməsi nəzərdə tutulub. Buraya 4 məsələ və Daimi komitə tərəfindən 4 əlavə məsələ daxil edilib. O, Birləşmiş Krallıqdan olan məruzəçi Rocer Vilyamsın hazırladığı “Helsinki + 40: Hər kəs üçün insan təhlükəsizliyi” hesabatını yüksək qiymətləndirdi və məruzəçi hesabatı təqdim etdi. Rocer Vilyams tədbirə uğurla ev sahibliyi etdiyinə və son dərəcə önəmli məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə etdi. Ölkələrdə sabitliyin iqtisadi çətinliklər ucbatından təhlükə altına düşə biləcəyini qeyd edən mərizəçi bəzi Avropa dövlətlərində vəziyyətin hələ də bu sahədə çətin olaraq qaldığını diqqətə çatdırdı. O, infrastruktur layihələrinə investisiyalar qoyulmasının, yeni iş yerləri açılmasının, ATƏT-ə üzv ölkələrin ətraf mühitlə bağlı təxirəsalınmaz məsələlərdə birgə əməkdaşlığının bu sahədə əhəmiyyətli rol oynaya biləcəyini dedi.
Müzakirələrdə çışış edən Milli Məclisin deputatı, təşkilatda Azərbaycan nümayəndə heyətinin sədr müavini Eldar İbrahimov regionda sabitliyin və təhlükəsizliyin qorunması naminə görülən işlərdən danışdı. O, neft və qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın xüsusi yer tutduğunu vurğuladı. Eldar İbrahimov Azərbaycanda aparılan aqrar islahatların davamlı inkişaf üçün əlverişli şərait yaratdığını diqqətə çatdırdı. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük rolu olan su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə yeni su anbarlarının tikildiyini vurğulayan deputat dinamik iqtisadi inkişafın, siyasi sabitliyin, tolerantlığın ölkəmizə əmək miqrantlarının axın etməsinə səbəb olduğunu qeyd etdi.
Komitənin iclasında Şimali Kipr, İsveç, Belorus, Qazaxıstan, Portuqaliya, Polşa, Almaniya nümayəndə heyətinin üzvləri müzakirələrə qoşuldular və öz ölkələrində minilliyin hədəflərinə doğru görülən işlərdən danışdılar, təkliflərini bildirdilər.
Müzakirələrdə inteqrasiya proseslərinin Avrasiya məkanına təsiri, ATƏT-in dialoq üçün əlverişli məkana çevrilməsi, təşkilatın beynəlxalq təhlükəsizlik prosesində rolu, BMT və Avropa Şurası ilə birgə əməkdaşlığın gücləndirilməsi, qlobal istiləşmənin qarşısının alınması, təhsilin Avropa modelinə uyğunlaşdırılması prosesinin önəmi barədə ətraflı fikir mübadiləsi aparıldı.
Milli Məclisin
Mətbuat xidməti