ATƏT PA-nın SİYASİ MƏSƏLƏLƏR və TƏHLÜKƏSİZLİK ÜZRƏ ÜMUMİ KOMİTƏSİNDƏ

Tədbirlər
30 iyun 2014 | 12:06   
Paylaşın:        

İyunun 29-da Bakıda işini davam etdirən ATƏT PA-nın 23-cü illik sessiyası çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası oldu. İclasa komitənin sədr müavini, qurumun Büro üzvü, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev sədrlik edirdi.
Gündəliyə əsasən, öncə Finlandiya parlamentinin nümayəndəsi xanım Piya Kaumanın hazırladığı məruzə dinlənildi. “Helsinki + 40: hər kəs üçün təhlükəsizliyə doğru” mövzusunda məruzə ətrafında geniş müzakirələr aparıldı. Məruzə üzrə qətnamə layihəsinə və həmin sənədə təklif olunan düzəlişlərə münasibət bildirildi.
İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Sədr müavini Bahar Muradova bildirdi ki, 22 ildən artıq davam edən Dağlıq Qarabağ problemi dövlətlərin ərazi bütövlüyü prinsipinin Ermənistan tərəfindən kobud şəkildə pozulmasının nəticəsidir. Təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq məqsədilə keçirdiyi qeyri-qanuni “referendum” və “parlament seçkiləri” də beynəlxalq hüquq normalarının tapdanması deməkdir. Hazırda orada yaşayan ermənilərin çox acınacaqlı durumda olduğunu qeyd edən Bahar Muradova ərazi məsələsinə dair erməni deputatın səsləndirdiyi digər iddialara da tarixi faktlarla cavab verdi.
Milli Məclisin vitse-spikeri onu da nəzərə çatdırdı ki,  Azərbaycanın icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağa səfər edən hər bir kəs bundan sonra da Azərbaycanda arzuolunmaz şəxs sayılacaqdır. 
Komitədə çıxış edən deputatların əksəriyyəti tədbirə ev sahibliyi edən Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqlarını bildirdilər, yaradılan rahat iş şəraiti üçün minnətdarlıq etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU