ATƏT PA-nın DEMOKRATİYA, İNSAN HÜQUQLARI və HUMANİTAR MƏSƏLƏLƏR ÜZRƏ ÜMUMİ KOMİTƏSİNDƏ
İyunun 29-da ATƏT PA-nın 23-cü illik sessiyası çərçivəsində qurumun Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin iclası oldu. İclasa komitənin sədri, Portuqaliya nümayəndə heyətinin üzvü İzabel Santoş sədrlik edirdi.
İclasda gündəlik təsdiqləndikdən sonra Serbiya parlamentinin nümayəndəsi xanım Qordana Komiçin “Helsinki + 40: hər kəs üçün təhlükəsizliyə doğru” mövzusunda hazırladığı məruzə dinlənildi. Məruzə ətrafında müzakirələrdə çıxış edənlər öncə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan parlamentinə təşəkkürlərini bildirdilər. Məruzəyə dair rəy və təkliflərini diqqətə çatdırdılar.
İclasda Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova miqrantlar məsələsinə toxunarkən Ermənistanın təcavüzkarlığı ucbatından Azərbaycanda 1 milyon qaçqın və köçkünün öz yurdunda miqranta çevrildiyini vurğuladı. Onların insan hüquqlarının qorunması, əzəli Azərbaycan torpaqlarından erməni qoşunlarının çıxarılması üçün ATƏT PA-nın hazırkı sessiyasından kömək gözlədiklərini bildirdi.
Milli Məclisin
Mətbuat xidməti