ATƏT-İN BAKIDA KEÇİRİLƏN İLLİK SESSİYASI DAVAM EDİR
Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 29-da işini komitə iclasları və xüsusi müzakirə ilə davam etdirdi.
Daha sonra sessiya çərçivəsində “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış” mövzusunda xüsusi müzakirə keçirildi.
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ekstremizm, radikalizm və ksenofobiyanın region və bütün dünya üçün yaratdığı təhlükədən danışdı. O, quruma üzv ölkələrin bu problemlərlə mübarizə istiqamətində daha sıx əməkdaşlığının zəruriliyini vurğuladı. Hazırda ekstremizmin nəzarətdən çıxdığını bildirən ATƏT Parlament Assambleyasının prezidenti bu problemin aradan qaldırılması üçün qarşılıqlı etibar və anlaşmanın, dialoqun vacibliyini qeyd etdi.
Ranko Krivokapiç bildirdi ki, bu problemlə mübarizədə təhsil, əhalinin maarifləndirilməsi çox önəmli rol oynayır. O, həmçinin vurğuladı ki, tolerantlıq, dözümlülük hər bir ölkə, hər bir cəmiyyət üçün sabitlik, mehriban birgəyaşayış baxımından çox vacibdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, türkiyəli deputat Emin Önəm və başqaları çıxış edərək ekstremizm və radikalizimin qlobal şəkildə ciddi bir problem olduğunu söylədilər. ATƏT-ə daxil olan ölkələrin ekstremizm və ksenofobiyaya qarşı mübarizə ilə bağlı bir çox sənədlər qəbul etmələrinə baxmayaraq, bu bəlanın qarşısının alınmasında çətinliklərin olduğu diqqətə çatdırıldı. Həmçinin ksenofobiya və ekstremizimə qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları tərəfindən görülən işlərə dəstəyin artırılmasının, bu istiqamətdə ATƏT-ə üzv ölkələrin əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulandı.
Milli Məclisin
Mətbuat xidməti