MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
02 mart 2012 | 05:03   
Paylaşın:        

Martın 2-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitə sədri Nizami Cəfərov gündəliyə daxil olan məsələlərlə iclas iştirakçılarını tanış etdi.
Əvvəlcə, 2011-ci ilin payız sessiyası ərzində görülən işlər barədə hesabat dinlənildi. Bildirildi ki, bu müddət ərzində komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihələri müzakirə olunmuş, vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş müraciətlərə baxılmışdır.
Nizami Cəfərov  2012-ci ilin yaz sessiyasının qanunvericilik işləri planına daxil olan məsələlərlə bağlı açıqlamasında qeyd etdi ki, sessiya ərzində Şəhərsalma və Tikinti Məcəlləsi, “Mədəniyyət haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, həmçinin Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi gözlənilir.
Sonra “Mədəniyyət haqqında” qanun layihəsi barədə iclas iştirakçılarına məlumat verildi. Bildirildi ki, mədəniyyət sahəsində prioritetlərin dəyişməsi yeni qanunun hazırlanmasını labüd edir. Layihə üzərində işləyərkən beynəlxalq təcrübəyə istinad edilib. Qeyd edildi ki, 9 fəsil 46 maddədən ibarət olan bu sənəddə Azərbaycan mədəniyyətinin qorunması və inkişafının təmin edilməsi prinsipləri, bu sahədə fəaliyyət göstərən subyektlərin hüquq və vəzifələri, mədəniyyət işçilərinin statusu təsbit olunur. Layihədə mədəniyyət sərvətləri, mədəni irsin qorunması məsələləri, beynəlxalq hüquqi öhdəliklər öz əksini tapmışdır.
İclasda iştirak edən komitə üzvləri, parlament Aparatının müvafiq şöbəsinin əməkdaşları və mütəxəssislər layihənin əhəmiyyəti barədə öz fikirlərini açıqladılar, bir sıra təkliflərini verdilər. Diqqətə çatdırıldı ki, Azərbaycanda mədəniyyət sahəsinin inkişafı üçün bu gün dövlət səviyyəsində böyük işlər görülür, müsbət dəyişikliklər baş verir.  Ölkəmizdə beynəlxalq səviyyəli mədəni tədbirlər keçirilir. Eyni zamanda, bugünkü qloballaşma dövründə milli dəyərlərin qorunub saxlanılması, mədəni irsin təbliği, xarici ölkələrdə mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsinin vacibliyi qeyd edildi.
Tədbirin sonunda müzakirələr zamanı səslənən təkliflər nəzərə alınmaqla qanun layihəsinin birinci oxunuşda Milli Məclisə təqdim edilməsi qərara alındı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU