Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində Daimi Komitənin iclası keçirildi

Tədbirlər
30 iyun 2014 | 12:06   
Paylaşın:        

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirildi.
İclası giriş nitqi ilə açan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç qurumun ötən bir ildəki fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, Assambleya çoxşaxəli fəaliyyət göstərmiş, QHT sektoru və beyin mərkəzləri ilə əməkdaşlığa üstünlük vermişdir. ATƏT Avropada sülh, sabitlik və əməkdaşlığın sütunlarından biridir. Qeyd edildi ki, parlament diplomatiyası mahiyyətinə görə ənənəvi diplomatiyadan heç də geri qalmır. ATƏT təkcə dialoq forumu deyil, həm də əməli addımlar atan təşkilatdır. O, belə bir inamı ifadə etdi ki, Parlament Assambleyasının Bakı sessiyası uğurlu olacaqdır.
Sonra ümumi müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova  ümidvar olduğunu bildirdi ki, iyirmi üçüncü sessiya öz səmərəliliyi, önəmli qərarları ilə ATƏT PA-nın işinə töhfə verəcək, iclasda qaldırılacaq məsələlər    Assambleyanın qarşıdakı fəaliyyəti dövründə gündəliyə daxil olunacaqdır.
Milli Məclisin vitse-spikeri öz çıxışında Dağlıq Qarabağ münaqişə ilə bağlı ATƏT PA-nın səylərinin artırılmasının vacibliyini vurğuladı. O, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareşin  mandatının və səlahiyyətinin artırılması təklifini irəli sürdü.
ATƏT PA-nın prezidenti Ranko Krivokapiç sualı cavablandıraraq dedi: “Biz ATƏT PA-nın rolunu, potensialını artırmaq niyyətindəyik. Xüsusi nümayəndələrin işinə diqqət artmışdır. Joao Suareş fəaldır. Cenevrədə yenidən bu məsələni qaldıracağıq.”
İclasda qurumun büdcəsi ilə bağlı da müzakirələr aparılmış, ATƏT Parlament Assambleyasının yaxın bir il üçün nəzərdə tutulan büdcəsi qəbul edilmişdir.
Sonra müzakirələr davam etdirildi. Daimi Komitənin iclasında ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı hazırladığı qətnamə layihəsinin müzakirəsi gərgin keçdi. Müzakirələr zamanı Bahar Muradova dedi ki, qaldırılan məsələ bizə yaxın mövzu olduğu üçün bunun ağırlığını yaxşı başa düşürük. Bu məsələyə bizim xüsusi yanaşmamız vardır. Hesab edirik ki, səyləri birləşdirməklə ATƏT regionundakı mövcud münaqişələri aradan qaldırmaq və yeni yaranacaq münaqişələrin qarşısını almaq üçün çox ciddi addımlar ata bilərik. Zənnimizcə, ATƏT məkanındakı bütün münaqişələrin həllinə tətbiq edilə biləcək  mövqe ortaya qoyaraq bir qətnamə hazırlaya bilərik. ATƏT-in tədbirlərində beynəlxalq hüququn normalarının pozulduğunu dəfələrlə söylədiyini deyən Bahar Muradova ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinin çox önəmli olduğunu bir daha diqqətə çatdırdı.
Daha sonra Bahar Muradova Ukraynanın ərazi bütövlüyünün və böhranın sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğuladı. Qeyd etdi ki, bu, bizim prinsipial mövqeyimizdir. Bütün beynəlxalq təşkilatlar özünün qəbul etdiyi sənədlərə hörmətlə yanaşmalıdır. O, belə bir təklif irəli sürdü ki, bu sənəddə Moldovanın, Gürcüstanın, Azərbaycanın, Ukraynanın mövqelərinə dair müddəalar balanslaşdırılmış şəkildə öz əksini tapsın. Bu sənəd birtərəfli olmasın. Qətnamədə Azərbaycanın, Gürcüstanın, Rusiyanın, Ukraynanın bu məsələlərlə bağlı mövqeləri ifadə edilsin. O, dedi ki, bu sənədi hazırlamaqla biz həm də “Helsinki +40” yubiley tədbirinə töhfəmizi vermiş olacağıq.
Komitənin iclası digər deputatların mövzu ilə bağlı müzakirələri ilə davam etdirildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU