ATƏT PA-nın ÜMUMİ KOMİTƏLƏRİNDƏ
İyunun 30-da ATƏT PA-nın Ümumi komitələri işini davam etdirdi.
Öncə Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin 2-ci iclası oldu. Parlamentarilər “Helsinki + 40: hər kəs üçün təhlükəsizliyə doğru” mövzusunda məruzə üzrə qətnamə layihəsinə təklif olunan düzəlişlərə baxılmasını davam etdirdilər. Məlum olduğu kimi, Finlandiya nümayəndə heyətinin üzvü xanım Piya Kaumanın hazırladığı sənədə bütövlükdə 49 düzəliş təklif olunmuşdu. Ümumi komitədə bu gün səhərki müzakirələrdə səmərəli fikir mübadiləsi aparıldı, otuzdan çox düzəlişə münasibət bildirildi.
İclasa Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin sədr müavini, ATƏT PA-nın Büro üzvü, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev sədrlik edirdi.
***
Sonra Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin 2-ci iclası keçirildi. Gündəliyə əsasən, Serbiya nümayəndə heyətinin üzvü xanım Qordana Komiçin hazırladığı “Helsinki + 40: hər kəs üçün təhlükəsizliyə doğru” mövzusunda məruzə üzrə qətnamə layihəsinə təklif olunmuş düzəlişlər müzakirəyə çıxarıldı. Bildirildi ki, həmin sənədə 45 düzəliş təklif edilib. Komitədə təmsil olunan milli nümayəndə heyətlərinin üzvləri otuza yaxın düzəlişlə bağlı rəy və təkliflərini bildirdilər.
İclasa Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin sədri, Portuqaliya nümayəndə heyətinin üzvü İzabel Santoş sədrlik edirdi.
Qeyd edək ki, qurumun 23-cü illik sessiyası çərçivəsində bu komitələrdən hər birinin 4 iclas keçirməsi nəzərdə tutulub.
Milli Məclisin
Mətbuat xidməti