ATƏT PA-nın İQTİSADİ MƏSƏLƏLƏR, ELM, TEXNOLOGİYA VƏ ƏTRAF MÜHİT ÜZRƏ ÜMUMİ KOMİTƏSİNDƏ
İyunun 30-da ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin ikinci və üçüncü iclasları keçirildi. Qırğızıstanın ATƏT-in PA-dakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrlik etdiyi iclasda gündəliyin təsdiqindən sonra britaniyalı məruzəçi Rocer Vilyamsın müəllifi olduğu “Helsinki+40: Hər bir insan üçün təhlükəsizlik” adlı qətnamə layihəsinə
edilən 21 düzəliş ətrafında müzakirələr aparıldı. Düzəlişlərin əksəriyyəti səs çoxluğu ilə qəbul edildi. Bu düzəlişlərdə əsasən iqtisadi rifahın əldə olunmasında qadınların rolunun artırılması, gender bərabərliyi, ətraf mühitin mühafizəsi, bəzi ölkələrdə iş şəraitinin yaxşılaşdırılması, əmək bazarı siyasətinə diqqətin artırılması, gənclər arasında işsizliyin aradan qaldırılması, enerji təhlükəsizliyinin təmin edilməsi, xüsusi ehtiyatların qorunması, ərzaq tullantılarının azaldılması və elmi texnologiyaların tətbiqi ilə əlaqədar məsələləri əks etdirirdi.
Sonra iclasda Belarusun ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Viktor Quminskinin müəllifi olduğu “ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və inkişaf etdirilməsi” layihəsinə edilən düzəlişlərlə bağlı geniş fikir mübadiləsi aparıldı. Qətnamədə ATƏT-ə üzv ölkələrin birgə əməkdaşlığı ilə minilliyin məqsədlərinə çatmaq üçün yolların axtarılması və 2015-ci ildən sonrakı dövrü əhatə edəcək inkişaf sahəsinin formalaşdırılması ilə bağlı çağırışlar öz əksini tapmışdı.
İclasda həmçinin Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri Dorris Bargnetin “Etimad və qarşılıqlı yaşamaq regionu: ATƏT-in 40 illiyi” və İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Andreas Ebinin “ATƏT regionunda məhdud su ehtiyatlarının təhlükəsizliyi və stabillik” adlı qətnamə layihələri müzakirə edildi.
Tədbirdə 2015-ci ildə Helsinkidə keçiriləcək ATƏT PA-nın sessiyasına hazırlıqların aparılması, elmi-texniki innovativ layihələrə maliyyə dəstəyinin artırılması, dağlıq ərazilərdə ekoloji şəraitin qorunması, istehsal və emal prosesinin təkmilləşdirilməsi, ərzaq tullantılarının azaldılması, ekologiyaya mənfi təsir edən amillərin aradan qaldırılması, Aralıq dənizi regionu ölkələrində ticarətin inkişafı və digər məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Sonda səsvermə nəticəsində Roza Aknazarova ATƏT PA-nın 2015-ci il üçün komitənin sədri, portuqaliyalı deputat Nilza Sena komitənin sədr müavini, İtaliya parlamentinin deputatı Marieta Tidei məruzəçi seçildi.
Milli Məclisin
Mətbuat xidməti