ATƏT PA-NIN SESSİYASI ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLMİŞ İŞÇİ NAHARDA GENDER MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNDU
İyunun 30-da Milli Məclisdə ATƏT PA-nın 23-cü illik sessiyası çərçivəsində gender məsələlərinə həsr olunmuş işçi nahar keçirildi.
Tədbiri açan Milli Məclis Sədrinin müavini, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qonaqları salamlayaraq bildirdi ki, gender məsələlərinin bütün dünyada vacibliyi hər kəsə məlumdur. Bu məsələ bizim təşkilatın gündəliyində artıq xeyli müddətdir ki, dayanır. Artıq bu ilin sonunda ATƏT məkanında gender bərabərliyinin təmin olunmasına həsr edilmiş fəaliyyət planının 10 ili tamam olacaq. Bu 10 illik hesabat dövründə keçdiyimiz yola və bu ideyaya nə qədər sadiq olduğumuza diqqət yetirəcəyik.
Sonra Bahar Muradova gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycandakı vəziyyət barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Şərqdə ilk demokratik Cümhuriyyət kimi 1918-ci ildə Azərbaycan qadınına seçmək hüququ vermişdir. Sovet dövründə bütün qadınların savadlanması, kişilərlə bərabər həyatın bütün sahələrində iştirakı ilə bağlı xeyli işlər görülsə də, qadınlar əsl azadlığa əlbəttə ki, dövlət müstəqilliyimizi bərpa etdikdən sonra nail olmuşlar. Bu gün Azərbaycanda qadınlar siyasi partiyalarda, ictimai təşkilatlarda, dövlət qurumlarında, parlamentdə, mətbuatda, yerli seçkili orqanlarda yüksək səviyyədə təmsil olunurlar. Bahar Muradova diqqətə çatdırdı ki, bu gün bu tədbirdə iştirak edən Milli Məclisin qadın deputatları Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəbiyyət Aslanova, Məlahət İbrahimqızı nəinki Azərbaycanda, o cümlədən bütün dünyada gender bərabərliyinin təmin olunmasında əsl mübarizdirlər.
Çıxış edən ATƏT PA-nın sədri Ranko Krivokapiç qadınların öz ölkələrində demokratik cəmiyyət quruculuğunda əldə etdikləri nailiyyətləri, onların cəmiyyətdəki aktiv fəaliyyətlərini yüksək qiymətləndirdi və qadınlara öz arzularını bildirdi.
Sonra müxtəlif ölkələrin parlamentlərini təmsil edən qadınlar nahar süfrəsi ətrafında bir sıra məsələlərlə bağlı fikir mübadiləsi apardılar.
Milli Məclisin
Mətbuat xidməti