ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi iclaslarını yekunlaşdırdı
İyulun 1-də ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin 4-cü iclasında gündəlikdəki qətnamə layihələrinə və həmin sənədlərə təklif edilən düzəlişlərə baxıldı. İclasa komitənin sədri, Portuqaliya nümayəndə heyətinin üzvü İzabel Santoş sədrlik edirdi.
Öncə Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun Büro üzvü, Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin sədr müavini Azay Quliyevin müəllifi olduğu “ATƏT regionunda mədəni mülkiyyətin qorunması” barədə qətnamə layihəsi parlamentarilərə təqdim olundu. Düzəlişlərlə əlaqədar fikir mübadiləsi aparıldı. Ümumi komitə mühüm əhəmiyyət verilən qətnamə layihəsini qəbul etdi.
Sonra “Cinsi istismar məqsədilə uşaq alverinin qarşısının alınması və bu əmələ görə məhkəmə təqibi” adlı qətnamənin müəllifi, ABŞ nümayəndə heyətinin rəhbəri Kristofer Smitin məlumatı dinlənildi. Düzəlişlərə baxıldı.
Qətnaməni yüksək dəyərləndirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova təklif etdi ki, cinayətlərin qarşısının alınması üçün ATƏT ölkələri çərçivəsində beynəlxalq informasiya bankı yaradılsın və təhlükəli cinayətkarlar barədə müfəssəl məlumat orada qeyd olunsun. Vurğulandı ki, xüsusilə münaqişə bölgələrində yaşayan qadın və uşaqların bu tip canilərin toruna düşmə riski daha yüksəkdir. Ona görə də, belə hadisələri qabaqlayan işlək mexanizmlər tapmaq lazımdır. Vitse-spiker ümidvar olduğunu bildirdi ki, sessiyanın yekununda qəbul ediləcək Bakı Bəyannaməsində bu məsələ də əksini tapacaq.
İclasda “ATƏT regionunda qaçqınların vəziyyəti” adlı qətnamə layihəsini təqdim edən Portuqaliya nümayəndə heyətinin üzvü İzabel Santoş bildirdi ki, son illər dünyada qaçqınların sayı 51 milyona çatıb. Bu rəqəm göstərir ki, hazırkı vəziyyət hətta II dünya müharibəsindən sonrakı dövrdən qat-qat acınacaqlıdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri nəzərə çatdırdı ki, həmin qaçqınların 1 milyonu Azərbaycanın payına düşür. Vəziyyəti normallaşdırmaq üçün öncə münaqişələrin qarşısı alınmalıdır. Bahar Muradova ATƏT PA üzvlərini qaçqınlıq problemini doğuran səbəblərə qarşı birgə mübarizə aparmağa çağırdı.
Ümumi komitədə İsveçrə nümayəndə heyətinin üzvü Kristin Egerseqi-Obristin “İşgəncələrlə mübarizə” adlı qətnamə layihəsi və Sloveniya nümayəndə heyətinin üzvü Roberto Battellinin “Dövlət və özəl sektorlarda təhlükəsizliyin təmin edilməsinə demokratik nəzarət” adlı qətnamə layihəsi də müsbət qarşılandı.
Ümumi komitədə baxılan hər bir sənədə dair müzakirələrin yekununda qətnamə layihələri səs çoxluğu qazanmış düzəlişlərlə birgə səsə qoyuldu və qəbul edildi.
İclasın yekununda təşkilati məsələlərə baxıldı.
Milli Məclisin
Mətbuat xidməti