ATƏT PA-nın SİYASİ MƏSƏLƏLƏR VƏ TƏHLÜKƏSİZLİK KOMİTƏSİNDƏ
İyulun 1-də ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi komitəsinin 4-cü iclası keçirildi. İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq müzakirə olunacaq qətnamə layihələri ilə bağlı məlumat verdi.
Tədbirdə əvvəlcə Sloveniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roberto Batellinin müəllifi olduğu “Cənub-Şərqi Avropada regional əməkdaşlıq” adlı qətnamə layihəsinə edilən düzəlişlərlə bağlı təkliflər müzakirə edildi. Qətnamədə Cənub-Şərqi Avropa ölkələri müstəqillik qazandıqdan sonra çətinliklərin yaranması, ATƏT regionunda müharibəsiz mühit, Qərbi Balkan ölkələrində son dövrdə əldə edilmiş inkişaf, regional əməkdaşlığın gücləndirilməsi və digər məsələlər öz əksini tapmışdı. Layihəyə edilən düzəlişlər və qətnamə ətraflı müzakirələrdən sonra səsvermə yolu ilə qəbul edildi.
Sonra rusiyalı deputat Nikolay Kovalyovun hazırladığı “Terrorizmlə mübarizə” adlı qətnamə layihəsinin müzakirəsi keçirildi. Dini və etnik nifrət əsnasında terrorizmin getdikcə artması ilə bağlı narahatlığını dilə gətirən N.Kovalyov terrorizmin milliyyətlə, dinlə eyniləşdirilməsinin qəbul olunmazlığını diqqətə çatdırdı. Məsələ ilə əlaqədar çıxış edən Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Bahar Muradova qeyd etdi ki, dünyanın ayrı-ayrı yerlərində terrorizm müxtəlif formalarda özünü büruzə verir. Bildirildi ki, bəzi ölkələrdə qanuni hökumətlərin terror vasitəsilə devrilməsinə cəhdlər edilir, bəzən insanlar siyasi və ya dini baxışlarına görə terrora məruz qalır. Təəssüflə vurğulandı ki, terrorçu qrupların fəaliyyətinə regional maraqlar xatirinə müxtəlif dairələrdən də dəstək verilir. Vitse-spiker qeyd etdi ki, Azərbaycan cəmiyyəti və hökuməti terrorun bütün növlərinə öz etirazını bildirir. Terrorizmin törətdiyi bəlalara və müharibələrə qarşı birgə fəaliyyəti, milli zəmində baş verən terror hadisələrinin qəti şəkildə pislənməsini, terrorun bütün formalarının qəbuledilməzliyini və digər məsələləri özündə ehtiva edən qətnamə layihəsi iştirakçılar tərəfindən qəbul edildi.
Daha sonra Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Emin Önənin hazırladığı “ATƏT-in gələcəkdə Əfqanıstanla birgə əməkdaşlığı” adlı qətnamə layihəsi müzakirə edildi. Emin Önən Əfqanıstanın ekstremizm, radikalizm, insan alveri, narkotik və silah satışından ciddi əziyyət çəkdiyini dedi. O, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini xüsusi vurğuladı.
Bahar Muradova sənədlə bağlı çıxışında Azərbaycanın bütün sahələrdə Əfqanıstanla əməkdaşlığa önəm verdiyini bildirdi. Təşkilatda Əfqanıstanda olan problemlərə, ölkənin yaşadığı çətinliklərə və onun bu vəziyyətdən çıxması üçün görülməsi vacib olan işlərə diqqətin artırılmasının zəruriliyindən söz açdı. Qətnamə səsə qoyularaq qəbul edildi.
Sonda səsvermə nəticəsində İsveçdən olan deputat xanım Asa Lindestam ATƏT PA-nın 2015-ci il üçün Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi komitəsinin sədri, Milli Məclisin deputatı Azay Quliyev komitənin sədr müavini, finlandiyalı deputat xanım Pia Kauma məruzəçi seçildi.
Milli Məclisin
Mətbuat xidməti