ATƏT PA-NIN SESSİYASINDA UKRAYNADAKI BÖHRAN MÜZAKİRƏ OLUNDU

Tədbirlər
02 iyul 2014 | 05:07   
Paylaşın:        

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası iyulun 1-də komitə iclaslarından sonra işini plenar iclasla davam etdirdi.
İclasda Ukraynadakı böhranın həlli ilə bağlı Bakı qrupu yaradıldı. ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç çıxış edərək ATƏT-in regionda sülh və sabitliyin əsas sütunlarından biri olduğunu söylədi. ATƏT Parlament Assambleyasının vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini deyən R.Krivokapiç parlamentlərin demokratiyanın inkişafında önəmli rol oynadığını bildirdi. Qeyd edildi ki, ATƏT təkcə dialoq forumu deyil, həm də əməli addımlar atan təşkilatdır. Bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı qrupunun yaradıldığını deyən Krivokapiç bu qrupa Vyana qrupundan fərqli olaraq, digər ölkələrin də daxil ediləcəyini bildirdi. Qrup böhranın aradan qaldırılması və sülh danışıqlarının bərpası üçün lazımi işləri görəcəkdir.
Sonra Ukraynada baş verən hadisələrlə bağlı xüsusi müzakirələr aparıldı.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova hamının Helsinki Yekun Aktı prinsiplərinin pozulmasından ciddi narahat olduğunu diqqətə çatdırdı. Bildirdi ki, biz bu narahatlığımızı 22 ildir ifadə edirik. Çox təəssüf ki, bu illər ərzində beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in baş vermiş hadisələri qətiyyətlə pisləməməsi və yerinə yetirilməsi mümkün olan sənədlərin qəbul olunmaması Avropada yeni münaqişələrin yaranmasına gətirib çıxarmışdır.
Yeni yaranan Bakı qrupu ilə bağlı fikirlərini bildirən Bahar Muradova belə bir istəyini ifadə etdi ki, çox istərdim Bakı qrupunun taleyi Minsk qrupunun taleyinə bənzəməsin və biz başlanan bu prosesi çox qısa müddətdə başa çatdıra bilək. Biz hamımız Bakı qrupunun işinə töhfə verməliyik. Azərbaycan bu prosesdə yaxından iştirak etmək niyyətindədir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Eyni zamanda, bu problemin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq.
Çıxış edən ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Benjamin Kardin bildirdi ki, bu gün region dondurulmuş münaqişələrdən əziyyət çəkir. Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, həllini tapmır. Biz Minsk qrupuna böyük ümidlər bəsləyirdik, amma təəssüf ki, özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcəkdir?
B.Kardin ABŞ-ın münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu, problemə yanaşma zamanı faktların düzgün analiz edilməsinin vacibliyini vurğuladı.
Çıxış edən Milli Məclisin deputatı Azay Quliyev ATƏT regionunda Helsinki Yekun Aktı prinsiplərinin pozulmasına qarşı konkret təkliflərlə çıxış etməyin vaxtının gəlib çatdığını, bu prinsiplərin pozulması ilə bağlı hesabatın hazırlanmasının zəruriliyini diqqətə çatdırdı.
Ukrayna böhranının ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bildirən Azay Quliyev qeyd etdi ki, ATƏT regionuna daxil olan digər ölkələrdə də ərazi bütövlüyünün pozulması halları aradan qaldırılmalıdır.
Müzakirələrdən sonra iclasda Benjamin Kardinin Ukraynada baş verən böhranın aradan qaldırılması ilə bağlı hazırladığı qətnamə layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU