BAKIDA KEÇİRİLƏN ATƏT PA-NIN İLLİK SESSİYASI BAŞA ÇATDI
İyulun 2-də Bakıda keçirilən ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası sonuncu iş gününü plenar iclasla davam etdirdi.
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç iclasın gündəliyi haqqında məlumat verdikdən sonra ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hidi Frayın adından xanım Valburgi Habsburq Duqlas məruzə ilə çıxış etdi.
V.Duqlas gələcəkdə qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində işlərin görülməsinin zəruriliyini vurğulayaraq diqqətə çatdırdı ki, ATƏT regionunda problemlərin həll olunması üzərində birgə çalışmalı və güclü siyasi iradə nümayiş etdirilməlidir.
Çıxış edən bir sıra ölkələrin nümayəndələri ATƏT regionunda gender bərabərliyinin vəziyyətinə dair fikirlərini bölüşdülər.
Müzakirələrdən sonra Bakı Bəyannaməsi və ötən günlərdə komitələrdə müzakirə olunmuş qətnamə layihələri səsə qoyularaq qəbul edildi.
Sonra iclasda ATƏT PA-nın yeni prezidentinin seçilməsi ilə bağlı keçirilən səsvermənin nəticələri açıqlandı. Səsverməyə əsasən ATƏT Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva ATƏT PA-nın yeni prezidenti seçildi. Çıxış edən İlkka Kanerva ona göstərilən etimada görə təşəkkür etdi və bu etimadı doğrultmağa çalışacağını diqqətə çatdırdı.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova iclasda qaldırılmış bir sıra məsələlərə münasibət bildirdi. Bakıda keçirilən bu sessiyanın hələ uzun müddət yaddaşlardan silinməyəcəyini deyən Bahar Muradova qeyd etdi ki, ötən bir neçə gün ərzində sessiyada iştirak edən ölkələrin eyni ali dəyərləri bölüşdükləri bir daha aydın oldu.
Bildirdi ki, Azərbaycan odlar yurdu, tolerantlıq məkanı, bütün millətlərin dost və qardaşlıq şəraitində yaşadığı bir ölkədir. Bahar Muradova bu sessiyanın Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə ATƏT PA-nın sabiq prezidenti Ranko Krivokapiçə təşəkkürünü bildirdi və yeni seçilmiş prezident İlkka Kanervaya işində uğurlar arzuladı.
ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasına yekun vuran ATƏT PA-nın sabiq prezidenti Ranko Krivokapiç bu tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin Sədri Oqtay Əsədova, Milli Məclis Sədrinin müavini Bahar Muradovaya təşəkkürünü bildirdi və sessiyanı bağlı elan etdi.
Bununla da ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti