REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
09 sentyabr 2014 | 05:09   
Paylaşın:        

Sentyabrın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin parlamentin 2014-cü il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə yığıncaq iştirakçılarını gündəliyə daxil edilən məsələlərlə tanış etdi. Qeyd edildi ki, gündəliyə Milli Məclisin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat,  cari ilin payız sessiyası üçün komitənin iş planının layihəsi, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihəsi daxil edilib.
İclasda birinci məsələ ilə əlaqədar məlumat verən Arif Rəhimzadə dedi ki, ötən dövrdə komitənin 5 iclası keçirilib, yığıncaqlarda 13 məsələ, o cümlədən 10 qanun layihəsi müzakirə olunub. Bildirildi ki, komitədə  bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdim etdiyi illik məruzə dinlənilib. Sessiya zamanı bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması barədə  qanun layihəsinə baxılıb, ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə endirilib. Komitədə həmçinin “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqında”, “Büdcə sistemi haqqında” qanunlara və Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub.  Müvafiq düzəlişlərə əsasən, yerli vergi və ödənişlərin yalnız banklar, poçt rabitəsinin milli operatoru, mövcud nağdsız ödəmə vasitələrlə həyata keçirilməsi təsbit olunub, dövlət büdcəsindən bələdiyyələrə subvensiyanın və dotasiyanın hesablanması, ayrılması qaydaları və müddəti dəqiqləşdirilib, fiziki şəxslərin əmlakından tutulan verginin müəyyən edilməsi məsələsinə aydınlıq gətirilib.
Arif Rəhimzadə söylədi ki, komitə üzvləri keçən sessiya ərzində bir sıra beynəlxalq qurumların toplantılarında fəal iştirak ediblər. Millət vəkilləri həmçinin respublika daxilində təşkil olunan tədbirlərə qatılıb, seçicilərlə görüşlər keçiriblər. Qeyd edildi ki, hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Komitə üzvləri tərəfindən 557 nəfər vətəndaş qəbul edilib. İclas iştirakçıları 2014-cü il yaz və növbədənkənar sessiyalar ərzində komitənin işini müsbət dəyərləndirdilər.
Sonra cari ilin payız sessiyası zamanı müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlər barədə məlumat verildi. Bildirildi ki, komitənin işlər planına “Bələdiyyələrin əraziləri və torpaqları haqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”, habelə bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı sənədlər daxil edilib. İş planı  komitə üzvləri tərəfindən təsdiqləndi.
Yığıncağın sonunda millət vəkilləri Gürgən qəsəbə inzibati dairəsinin Xəzər rayonunun tabeliyindən çıxarılaraq Pirallahı rayonunun tabeliyinə verilməsi ilə bağlı “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə etdilər. Sənəd Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU