İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Komitə iclasları
18 sentyabr 2014 | 03:09   
Paylaşın:        

Sentyabrın 18-də Milli Məclisin İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirdi. Komitə sədri Rəbiyyət Aslanova gündəlikdə altı məsələ olduğunu, dörd qanun layihəsinin Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə göndərildiyini bildirdi.
İclasda 2014-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatı Milli Məclis Aparatının əməkdaşı Ayxan Kazımov təqdim etdi. Bildirildi ki, həmin müddətdə komitənin iki iclası olub, üç məsələyə baxılıb. Komitə tərəfindən parlamentin müzakirəsinə tövsiyə edilən bir qanun layihəsi Milli Məclisdə qəbul olunub. Yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 423 sənəd daxil olub, müvafiq layihə və ərizələrə baxılması üçün müxtəlif qurumlara komitə adından 209 məktub göndərilib, deputatlar tərəfindən 113 vətəndaş qəbul edilib.
Hesabat dinlənildikdən sonra yekdil qərar belə oldu ki,  ötən sessiyalar dövründə komitə səmərəli işləyib.
İclasda Rəbiyyət Aslanova komitənin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı ilə deputatları tanış etdikdən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini ətraflı şərh etdi. Məlumat verdi ki, Əmək Məcəlləsinin 13-cü maddəsinə təklif olunan dəyişikliklər bu qanun layihəsinin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması ilə əlaqədardır, əməkçi miqrantların hüquqlarının təmin edilməsinə xidmət edir.  
Müzakirə zamanı deputatlar sənədin vacibliyini və dəyişikliklərin çox aktual məsələləri əhatə etdiyini vurğuladılar.
Sonra “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” məsələyə baxıldı. Komitə sədri qeyd etdi ki, hər il dünyada 27 milyon şəxs insan alverinin qurbanına çevrilir. İnsan alveri ilə mübarizədə Azərbaycan bütün ölkələrlə fəal əməkdaşlıq edir, milli qanunvericiliyimiz bu məsələni daim diqqət mərkəzində saxlayır.
 Komitə üzvləri qanun layihəsini birmənalı olaraq dəstəklədilər.
İclasda iki qanun layihəsini təqdim edən Milli Məclis Aparatının İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna və Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərin mahiyyətini açıqladı.  Hər iki qanun  layihəsindəki ayrı-ayrı müddəaları şərh etdi.
Komitədə aparılan işgüzar müzakirələrdə deputatlar İlyas İsmayılov, Aytən Mustafayeva, Fazil Mustafa, Yevda Abramov qanun layihələrinə dair rəy və təkliflərini bildirdilər.
İclasda komitənin payız sessiyasına dair iş planı təsdiqləndi, müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.


 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU