AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
18 sentyabr 2014 | 05:09   
Paylaşın:        

Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2014-cü il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Eldar İbrahimov iclası açaraq sessiyanın başlaması münasibəti ilə deputat həmkarlarını təbrik etdi və 2014-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, ötən dövrdə komitənin 3 iclası keçirilib, 7 məsələ, o cümlədən 5 qanun layihəsi geniş müzakirə edilib, habelə digər komitələr tərəfindən  daxil olan sənədlərə rəylər hazırlanıb. Bununla yanaşı, vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılıb. Komitə üzvləri xarici ölkə parlamentləri, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq ediblər.
Cari ilin payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verən komitə sədri bildirdi ki,  növbəti sessiyada “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihələrinə baxılması, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Daha sonra iclasda “Ovçuluq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” qanunlara dəyişikliklər edilməsi barədə sənədlərin  müzakirəsi aparıldı. Qanun layihələri barədə parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini, Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə məlumat verdi.
Qeyd edildi ki, “Ovçuluq haqqında” qanuna bir sıra dəyişikliklər və yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Əsas məqsəd bu sənədin  müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün fərdi ovçuluq təsərrüfatlarının təşkilinin genişləndirilməsi və onların fəaliyyətlərinin yaxşılaşdırılması ilə bağlıdır. 
“Taxıl haqqında” qanunda isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 53-cü və 61-ci maddələrinin müddəalarına müvafiq olaraq, bir sıra ifadələrin daha dəqiq və sadə dildə  verilməsi məqsədilə lazımi düzəlişlər aparılacaq. Belə ki, göstərilən maddələrdə normativ hüquqi aktların mətninin lakonik formada, sadə və aydın dildə tərtib edilməsi tələb olunur.
“Yeyinti məhsulları haqqında” qanuna edilən dəyişikliklərdə məqsəd yeyinti məhsullarının keyfiyyətinin təmin edilməsi, bu sahəyə dövlət nəzarətinin həyata keçirilməsi, insanların sağlamlığına təhlükə törədə biləcək halların aradan qaldırılması, habelə sertifikatların alınmasına görə dövlət rüsumunun ödənilməsi zamanı neqativ halların qarşısının alınması və müasir ödəmə sistemlərinin tətbiqinin genişləndirilməsidir.
Bildirildi ki, “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər sözü gedən sənədlərin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır. 
Müzakirələr zamanı millət vəkilləri Eldar Quliyev, Novruzəli Aslanov, Arif Əşrəfov, Tahir Süleymanov qanunlara ediləcək  dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini açıqladılar, təkliflərini verdilər. Komitə üzvləri qanun layihələrinin Milli Məclisin plenar iclasında baxılmasını tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU