SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 sentyabr 2014 | 06:09   
Paylaşın:        

Sentyabrın 18-də  Milli Məclisin  Sosial  siyasət  komitəsinin   iclası  keçirildi. İclası açan komitə  sədri  Hadi  Rəcəbli  yaz sessiyasında  görülən  işlərdən  danışdı və qarşıdakı  sessiyanın qanunvericilik işləri planı barədə ətraflı məlumat  verdi. 
Qeyd  olundu  ki, ötən sessiyada  komitə olduqca məhsuldar  işləmiş, bir  sıra  vacib  sənədlər hazırlanaraq  Milli Məclisə  təqdim olunmuşdur. Qarşıdakı  sessiya  ərzində  görüləcək  işlərə   toxunan komitə  sədri  bildirdi ki,  komitədə “Ailə həkimi”, “Gənc ailənin sosial müdafiəsi”, “Sosial ipoteka”, “Uşaqların istirahəti”, “Pasientin hüquqları” haqqında yeni qanun layihələri hazırlanır.
İclasda çıxış edən millət  vəkilləri Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Sədaqət Vəliyeva, İlham Məmmədov bu sənədlərlə əlaqədar yerlərdə ictimai dinləmələrin, vətəndaşlarla görüşlərin, mətbuat üçün brifinqlərin keçirilməsini təklif etdilər. Qeyd olundu ki, sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsi və daha da möhkəmləndirilməsi üçün təkliflərin öyrənilməsi cox  əhəmiyyətlidir.
İclasda Hadi Rəcəbli bildirdi ki, ölkədə “Eynəklər və linzalar haqqında” yeni qanunun qəbulu və bu sahənin ayrıca hüquqi tənzimlənməsi gözlənilir. Bu, görmə qabiliyyətində problem olanlar, o cümlədən, linza və  eynəyə ehtiyacı olanların təminatı ilə əlaqədardır. Bu məsələnin bütün dünyanın  diqqətində olduğunu söyləyən komitə sədri qanunun hazırlanması üçün  Türkiyə, Rusiya  və Avropa  təcrübəsinə  müraciət  edildiyini  də  qeyd  etdi. 
Sonra  komitədə “Turizm haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədlə  əlaqədar  məlumat  verildi. Hadi Rəcəbli bildirdi ki, qanuna əlavə edilən yeni maddəyə əsasən Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada viza ala biləcəklər.
Daha sonra iclasda “Sosial sığorta haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Məşğulluq haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Sanatoriya-epidemioloji salamatlıq haqqında”  qanunlara təklif olunan dəyişikliklər müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 
Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU