TƏHLÜKƏSİZLİK KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 sentyabr 2014 | 05:09   
Paylaşın:        

Sentyabrın 19-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, komitə payız sessiyasında ilk iclasını keçirir. Ötən sessiyada görülmüş işlərdən danışan Ziyafət Əsgərov qeyd etdi ki, komitə yaz sessiyasında Milli Məclisin qanun yaradıcılığı işində fəal iştirak etmiş, Milli Məclisə tövsiyə olunmuş qanun layihələri parlamentdə müzakirə edilərək təsdiqlənmişdir.
Bugünkü iclasın gündəliyinə isə “Yanğın təhlükəsizliyi haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxildir.  “Yanğın təhlükəsizliyi haqqında” Qanuna təklif olunan dəyişiklik sahibkarlıq sahəsində əsassız yoxlamaların qarşısının alınması və sahibkarların hüquqlarının müdafiəsi məqsədi daşıyır. “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif olunan dəyişiklik isə bəzi qanunvericilik aktlarının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmsı zərurətindən irəli gəlir. Bu qanuna əlavə ediləcək yeni maddədə göstərilir ki, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
Çıxış edən komitə üzvləri hər iki qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər. Deputatların fikirləri dinlənildikdən sonra təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Sonra çıxış edən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov, komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlar Elman Məmmədov, Zahid Oruc, Aqil Abbas Avropa Parlamentində bir qrup deputatın Azərbaycan əleyhinə qəbul etdikləri qətnaməyə münasibət bildirdilər. Qeyd olundu ki, Avropa Parlamentinin 751 deputatından 46 nəfərinin qəbul etdiyi bu qətnamənin ruhu qərəz, böhtan və yalan xarakterlidir. Həmin 46 deputatın 45-i Azərbaycanda olmayıb və buradakı reallıqlardan xəbərləri yoxdur.
Bildirildi ki, bu qətnamə yalnız özlərini hüquq müdafiəçisi adlandıran şəxslərin saxta məlumatları əsasında hazırlanmışdır. Avropanın bəzi siyasi dairələri bu saxta məlumatlardan, siyasi məhbus ifadəsindən Azərbaycanın daxili işlərinə qarışmaq üçün istifadə etməyə çalışırlar. Lakin onların bu istəkləri heç vaxt həyata keçməyəcəkdir. Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir və heç bir xarici qüvvənin onun daxili işlərinə qarışmağa haqqı yoxdur. Buna cəhd edənlər isə bundan sonra da layiqli cavablarını alacaqlar.
Bununla da Təhlükəsizlik və müdafiə komitəsinin payız sessiyasında ilk iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU