İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
İclası açan komitə sədri Ziyad Səmədzadə 2014-cü ilin yaz sessiyasının yekunları, ötən dövrdə komitədə görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, yaz sessiyası ərzində komitədə 51 qanun layihəsinə baxılıb və Milli Məclisin müzakirəsinə verilib. “Dəniz limanları haqqında” qanun layihəsi Parlamentdə qəbul olunub. 2014-cü ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planından danışan Ziyad Səmədzadə bildirdi ki, ölkəmizin 2015-ci il üzrə dövlət büdcəsi müzakirə ediləcək, bir sıra qanunlarda dəyişikliklər olacaq. Eyni zamanda, iş planına “Reklam fəaliyyəti haqqında” qanun layihəsi də salınıb. Məlumat verilib ki, qanun qəbul olunmasından artıq 15 il ötüb və bu dövrdə Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər baş verib. Bu sahədə mövcud olan boşluqları doldurmaq üçün təklif edilən qanun layihəsində çox önəmli dəyişikliklər var. Yeni qanun layihəsi əvvəlkidən xeyli fərqlənir. Komitə üzvləri Çingiz Əsədullayev, Xanhüseyn Kazımlı, Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev çıxış edərək öz fikirlərini bildirdilər, komitənin payız sessiyasında iş planı təsdiq edildi.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlandı. Əvvəlcə “Azərbaycan Respublikasının Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun, “Azərbaycan Respublikasının Hökuməti və Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirə edildi. Bildirildi ki, Azərbaycan artıq bu sahədə 45-dən çox ölkə ilə Saziş imzalayıb. Bu Azərbaycan iqtisadiyyatı və vergi sisteminin təkmilləşməsi üçün geniş imkanlar açır.
Sonra “Poçt haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Standartlaşdırma haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Valyuta tənzimi haqqında”, “Reklam haqqında” qanun layihələri müzakirə olundu. Bildirildi ki, bütün bu qanun layihələrində olunan dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, bu sahədə məsul olan idarəetmə və icra strukturları yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirirlər.
Sonra “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşlıqlı yardım haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişlərin təsdiq edilməsi, Azərbaycan Respublikasının Gömrük, Vergi, İnzibati xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri, “Turizm haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Banklar haqqında”, “Qrant haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun layihələrində redaktə xarakterli dəyişikliklər müzakirə edildi.
İclasda “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın təsdiq edilməsi haqqında sənədə də baxıldı.
Ətraflı müzakirələrdən sonra gündəliyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti