MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
07 mart 2012 | 06:03   
Paylaşın:        

Martın 7-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak edirdi. Milli Məclisin Sədri Oqtay Əsədov qonağı salamlayaraq bildirdi ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Biz bu dostluğu əsrlər boyu möhkəmləndirmiş və indiki  yüksək səviyyəyə gətirib çıxarmışıq. Bu gün Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar və hər sahədə bir-birinə dəstək verirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili arasında mövcud olan səmimi münasibətlər dövlətlərarası əlaqələrin dinamik inkişafına kömək göstərir.
Sədr diqqətə çatdırdı ki, ölkələrimizin yaxından iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri həm xalqlarımıza fayda gətirir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hazırda birgə səylərimizlə digər layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi  həyata keçirilməkdədir. Nəzərdə tutduğumuz AGRİ layihəsi isə Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılmasında ən perspektivli marşrutlardan biri ola bilər.
Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycanın və Gürcüstanın problemləri də oxşardır. Hər iki dövlət separatizm meyllərindən, ərazilərinin işğalından əziyyət çəkir. Bu, ölkələrimizin inkişafı yolunda dayanan ən böyük maneədir. Amma beynəlxalq hüquq, dünya birliyinin dəstəyi bizim tərəfimizdədir. Şübhə yoxdur ki, gec-tez bu problemlər öz həllini tapacaq və dövlətlərimizin ərazi bütövlüyü bərpa ediləcəkdir.
Sonra Gürcüstan Prezidenti Mixeil Saakaşvili çıxış etdi. Gürcüstan Prezidenti bildirdi ki, Azərbaycan heyranedici sürətlə inkişaf edib və hazırda beynəlxalq arenada böyük oyunçudur. Sizin BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünüz bu inkişafın təsdiqi oldu və ölkənizin əsl dostu və strateji tərəfdaşı kimi Gürcüstan sizin uğurlarınıza sevinir və fəxr edir. Bizi ümumi keçmişimizin strateji və şərəfli yaddaşı, ümumi dinc və azad gələcəyə doğru eyni meylimiz  birləşdirir. Bizim dostluğumuz əsrlərlə, göz yaşları və təbəssümdən, ümidlər və təlaşlardan keçərək formalaşıb. Həm Azərbaycan həm də Gürcüstan qədim millətdir, lakin çox gənc müstəqil dövlətlərdir.
Mixeil Saakaşvili ölkələrimizin biri-biri ilə dərin tarixi köklərlə bağlılığından bəhs etdi, ümumi keçmişimizin bəzi məqamlarına toxundu, ölkələrimizin və xalqlarımızın hər zaman bir yerdə olduğunu dedi. Gürcüstan Prezidenti Azərbaycanın tarixi şəxsiyyətlərinin, ədiblərinin, incəsənət və ictimai xadimlərinin Gürcüstanla sıx əlaqələrini xatırlatdı, dahi Nizaminin Gürcüstana olan məhəbbətindən, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlində Gürcüstan ədəbi-bədii mühitində təhsil almış və formalaşmış Azərbaycan ziyalılarından bəhs etdi, onların zəngin irsinin xalqlarımız arasında bir körpü olduğunu dedi. Gürcüstan Prezidenti məşhur Azərbaycan yazıçısı Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsərinin ölkələrimizin ortaq tarixini və mədəniyyətini əks etdirdiyini bildirdi. Prezident Saakaşvili Gürcüstanın Avropa və Avroatlantik qurumlarına inteqrasiya prosesindən də danışdı, ölkələrimizin birgə enerji layihələri üzərində çalışdığını vurğuladı, həmçinin reallaşmaqda olan layihələrə toxundu. Mixeil Saakaşvili bir daha ölkəmizdə olmaqdan məmnun qaldığını diqqətə çatdırdı və Azərbaycan parlamentinin fəaliyyətinə uğurlar arzuladı.
Gürcüstanın dövlət başçısının çıxışı alqışlarla qarşılandı.
Sonra Milli Məclis gündəlikdəki qanun layihələrinin müzakirəsinə başladı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənildi.
Ombudsman Elmira Süleymanova bildirdi ki, məruzənin əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi, 2011-ci ildə insan hüquqları ilə bağlı vacib problemlərin təhlili, pozulmuş insan hüquqlarının bərpası, müdafiəsi, habelə profilaktikası ilə bağlı görülmüş işlər barədə məlumat verməkdir.
Qeyd olundu ki, məruzə ərizələrə, təkliflərə və şikayətlərə, müvəkkil və onun aparatının əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində, hərbi hissələrdə və sair obyektlərdə baxışlar zamanı aşkar edilmiş müxtəlif hallara dövlət orqanlarının və vəzifəli şəxslərin münasibətlərinə və kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlilinə əsasən hazırlanmışdır.
Bildirildi ki, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin, insan hüquq və azadlıqlarının təmin edilməsi nəticəsində ölkəmizdə məşğulluğun səviyyəsi artmış, ötən il 94 min yeni iş yerləri açılmış, işsizliyin səviyyəsi 5,4 faizə qədər azalmışdır. Yoxsulluq həddi 2011-ci ildə 106,9 manata çatdırılmış, yoxsulluq səviyyəsi isə 7,6 faizə enmişdir.
Ombudsman diqqətə çatdırdı ki, “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.
Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, “Eurovision” mahnı müsabiqəsində birinci yeri tutması, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşımışdır.
Qeyd olundu ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması əhalinin rifahının daha yüksək səviyyəyə çatdırılmasında, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir.
E.Süleymanova bildirdi ki, cari ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının yaranmasının 10 ili tamam olur. Bu müddət ərzində müvəkkil dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalarla, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq etmişdir.
Diqqətə çatdırıldı ki, Оmbusmanın ünvanına 12680 müraciət daxil olmuşdur ki, onlardan 1179-u məhkəmə, 632-si prokurorluq, 1971-i polis orqanları, 634-ü məhkəmə qərarlarının icra edilməməsi, 196-sı bələdiyyələrlə bağlı olmuşdur.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq onları araşdırmış və müvafiq qərarlar qəbul etmişdir.
Ombudsman və onun aparatının əməkdaşları beynəlxalq tədbirlərin iştirakçılarının diqqətini Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı davam edən, insan hüquqlarının kütləvi və ən ağır şəkildə pozulması ilə nəticələnən, terror və etnik təmizləmə ilə müşayiət olunan təcavüzünə yönəltmişdir. Ermənilərin bütün dünyanın gözü qarşısında Xocalı soyqırımını törətdiyini, ölkəmizin maddi-mədəni sərvətlərini talayaraq kütləvi şəkildə məhv etməkdə davam etdiyini onların diqqətinə çağırmışdır. Onları Azərbaycanın haqq işini müdafiə etməyə, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına, bir milyona yaxın qaçqın və məcburi köçkünün öz yurdlarına qaytarılmasına və insan hüquqlarının təmin olunmasına dəstək verməyə çağırmışdır.
Ombudsmanın çıxışından sonra məruzə ətrafında çıxışlar oldu. Müzakirələrin sonunda hesabat səsə qoyularaq nəzərə alındı.
Axşam iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”(üçüncü oxunuş), Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və “Narkoloji xidmət və nəzarət haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi haqqında məsələlərə baxıldı.  
Bununla yanaşı, deputatlar Azərbaycan və Litva respublikaları hökumətləri arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, Azərbaycan və Rusiya Federasiyası hökumətləri arasında  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının  Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması, Azərbaycan və ABŞ hökumətləri arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Sazişə dəyişikliklər edilməsi, Azərbaycan və İsrail hökumətləri arasında gömrük işi sahəsində qarşılıqlı yardım, Azərbaycan və Bolqarıstan hökumətləri arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Sazişin təsdiq edilməsi və Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında Sazişin təsdiq edilməsi barədə sənədləri müzakirə etdilər. Bildirildi ki, bu beynəlxalq  sənədlər ölkəmizin xarici əlaqələrinin inkişafına xidmət edir.
Bu beynəlxalq sənədlər də təsdiqləndikdən sonra Milli Məclisin iclası işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU