MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
24 sentyabr 2014 | 06:09   
Paylaşın:        

Sentyabrın 24-də Milli  Məclisin Mədəniyyət  komitəsinin  2014-cü ilin  payız  sessiyasında  ilk  iclası  keçirildi.  İclası  açan Nizami Cəfərov  əvvəlcə  cari ilin  yaz  sessiyası  ərzində  rəhbərlik  etdiyi  komitədə görülən işlərdən danışdı. Qeyd olundu ki, bu  dövrdə komitədə bir sıra qanun  layihələrinə  əlavə  və  dəyişikliklər  olunub, “Nəşriyyat işi”  və “Kitabxanalar   haqqında”  qanun  layihələri  yenidən  işlənərək  Milli Məclisin  müzakirəsinə  təqdim edilib.  
İclasda payız  sessiyasında komitədə baxılacaq  qanun  layihələri şərh  olundu. Komitə  sədri  bildirdi ki,  payız  sessiyasının  iş planına  qanunvericilik  təşəbbüsü  subyektləri tərəfindən  daxil olan  sənədlər və Dövlət  büdcəsi  zərfinə  daxil olan  qanun  layihələri ilə yanaşı, “Azərbaycan muğam  sənətinin  qorunması  və inkişaf  etdirilməsi  haqqında”, “Kulinariya  mədəniyyəti  haqqında”, “Aşıq  sənətinin qorunması  və inkişaf  etdirilməsi  haqqında”  sənədlər daxil  edilib.
Sonra komitə  üzvləri  “Kinematoqrafiya  haqqında” qanuna dəyişikliklər  edilməsi barədə qanun  layihəsi barədə  fikir  mübadiləsi  apardılar.   İclasda  iştirak  edən  Mədəniyyət  nazirinin müavini Ədalət  Vəliyev  sənəd  barədə  ətraflı  danışdı.  Qeyd  olundu ki,  mədəniyyətin  mühüm bir  sahəsini  təşkil  edən  kino  sənəti  son  illər  ölkədə xeyli inkişaf  etdirilib. Bununla  bağlı  ayrıca  dövlət  proqramı  qəbul  edilib. Hazırda kino çəkilişi,  düşündürücü  ssenarilərin  hazırlanması ilə bağlı geniş layihələr  hazırlanır. Kinematoqrafiya  ilə bağlı olan  mövcud  qanun isə müasir  stardartlara  cavab vermir. Ölkədə keyfiyyətli kino   qurğuları və  lentlər  hazırlanmır. Bu aparat  və texnoloji  kino  avadanlıqları  olduqca  baha  qiymətə   xaricdən  gətirilir.  Buna  görə  də kino  işi  ilə bağlı   materiallar ölkəyə  idxal  edilərkən  vergi və  gömrük  rüsumundan  azad  edilməlidir.  Nazir  müavini bu  maddənin  sənəddə əksini  tapmasının zəruriliyini  qeyd  etdi.
 Millət  vəkilləri  Rafael  Hüseynov,  Jalə Əliyeva,  Sahibə Qafarova,  Leyla  Abdullayeva sənədlə  bağlı öz fikirlərini  bildirdilər.  Qanun  layihəsi komitənin  payız  sessiyasının  qanunvericilik  işləri  planına  daxil  edildi.  

 

Milli Məclisin

Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU