REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
26 sentyabr 2014 | 04:09   
Paylaşın:        

Sentyabrın 26-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq bildirdi ki, gündəliyə “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələ daxil edilib.
Komitə sədri qeyd etdi ki, təklif olunan dəyişikliklər bələdiyyələrin məsuliyyətinin artırılması, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, seçicilərlə əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. Belə ki, qanuna əlavə edilən maddələrdə bələdiyyə üzvlərinin səlahiyyətlərinin məhkəmənin qərarı ilə dayandırılması nəzərdə tutulub. Burada, eyni zamanda, Milli Məclisdə bələdiyyənin hesabatı dinlənildikdə onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərsə, bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında MSK tərəfindən qərarın qəbul olunması öz əksini tapıb.
Qanuna edilən digər düzəlişə əsasən bələdiyyələr hər il görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və mülkiyyətin istifadəsi barədə seçicilər qarşısında hesabat verməlidir. Hesabat təsdiq olunduqdan sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməlidir. Bundan sonra müvafiq icra hakimiyyəti orqanına göndərilən hesabat əsasında bələdiyyənin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilərsə, bu orqanın vaxtından əvvəl buraxılması ilə bağlı Milli Məclisə müraciət olunur.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Fəttah Heydərov, Tahir Rzayev, Fəzail İbrahimli, aidiyyəti qurumların nümayəndələri qanun layihəsində əks olunan məsələlərin bələdiyyələrin işinin təkmilləşdirilməsi baxımından vacibliyini qeyd etdilər. Sonra sənəd Milli Məclisin  plenar iclasında baxılmaq üçün tövsiyə edildi.
İclas zamanı komitə üzvləri bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi, qeyri-obyektiv hesabatlarla çıxış etməsi ilə bağlı narazılıqlarını ifadə etdilər. Deputatlar bütün sahələrdə həyata keçirilən quruculuq işlərindən, əldə edilən nailiyyətlərdən söhbət açdılar. Onlar əsası olmayan ittihamların, böhtan dolu bəyanatların əhəmiyyətsiz olduğunu və ölkəmizdəki sürətli inkişafa mane ola bilməyəcəyini vurğuladılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU