MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞLADI

Tədbirlər
01 oktyabr 2014 | 03:10   
Paylaşın:        

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Milli Məclisin Sədri ötən yaz və növbədənkənar sessiyalarda görülmüş işlər barədə danışaraq bildirdi ki,  Milli Məclis 2014-cü ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Bu dövrdə parlamentin 12 iclası keçirilmiş, 131 qanun və qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.  
Parlamentin beynəlxalq əlaqələri də inkişaf etdirilmişdir. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.
Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 38 ölkəyə 75-dən çox  səfər həyata keçirilmiş, millət vəkillərimiz Türkiyədə keçirilən Prezident seçkilərini, Serbiyada  keçirilən parlament seçkilərini müşahidə etmişlər.
40-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın 67 nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Milli Məclisin xətti ilə 6 beynəlxalq təşkilatın mötəbər toplantıları keçirilmişdir. Bakı şəhəri Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclaslarına, Türkdilli Ölkələrin Parlament Assambleyasının 5-ci plenar iclasına, NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarına, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasına uğurla ev sahibliyi etmişdir. Bu sonuncu tədbirə 700-dən çox xarici nümayəndə gəlmişdi.
Sədr diqqətə çatdırdı ki, bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında, xüsusən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təqdim ediləcəkdir. Bir sıra layihələr isə bugünkü iclasda müzakirə edəcəyimiz qanunvericilik işləri planında nəzərdə tutulmuşdur.
Xüsusən, payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul  ediləcəkdir.
Müzakirələrə başlamazdan əvvəl Milli Məclisin Sədri sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qərəzli qətnaməyə də münasibət bildirdi. Qeyd etdi ki, Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul etmək adət halını alıb. Say hesabı ilə baxanda bu, 4-cü qətnamədir. Fikir versək görərik ki, qətnamə sentyabrın 18-də qəbul olunub. Sentyabrın 19-da Azərbaycanda yeni qaz müqaviləsinin imzalanması mərasimi oldu. Sentyabrın 20-də isə AŞPA-nın sədri Azərbaycana gəldi. Bu səbəbdən onların məqsədlərini açıq-aşkar başa düşmək olar. Əsas məsələ odur ki, qətnamənin təşəbbüskarı olan 46 nəfərdən 45-i Azərbaycanda heç vaxt olmayıb. Səsvermə 756 deputatın arasında 46 deputatın təklifi ilə keçirilib.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət düzgündür. Heç bir kənar qüvvə müstəqil siyasətimizə təsir edə bilməyəcək. Hesab edirəm ki,  Azərbaycan Parlamentinin Avropa Parlamentinin qarşısında heç bir öhdəliyi yoxdur. Həmin təşkilatla ənənəvi olaraq əməkdaşlıq edirik. Bu əlaqələri inkişaf  etdirmək üçün də Avronest Parlament Assambleyasını yaratdıq. Azərbaycan bu qurumun aktiv üzvlərindən biri idi. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla parlament münasibətlərini inkişaf etdirmək əvəzinə, yaratdıqları təşkilatları bir kənara qoyur, istədikləri qeyri-obyektiv qətnamələri qəbul edirlər.
Spiker çıxışı zamanı bu kimi qətnamələrə qarşı bəyanat qəbul etməyin zərurililiyini də vurğuladı. Təklif etdi ki, bununla bağlı xüsusi redaksiya komissiyası yaradılsın. Komissiyada bizim Avropa Parlamentindəki və Avronest Parlament Assambleyasındakı  nümayəndələrimiz də olsunlar. Biz də öz fikrimizi bildirməliyik. Müraciət edərək başa salmayılıyıq ki, gələcəkdə bu kimi təşkilatlarla işləməyin bir mənası varmı? Hər dəfə onlara yaxınlaşmaq üçün can atırıq, lakin bunun əvəzində onlar bizə ikili münasibətlər göstərirlər. Sədr təklif etdi ki, Milli Məclis Sədrinin müavini, Avropa Parlamentinin Milli Məclislə əməkdaşlıq komitəsinin həmsədri Valeh Ələsgərovun rəhbərliyi ilə redaksiya komissiyası yaradılsın. Üzvlər isə millət vəkilləri Yevda Abramov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Xanlar Fətiyev olsunlar. Bəyanat hazırlansın və günün sonunda səsləndirilsin. 
Sonra Milli Məclis Sədrinin müavinləri Valeh Ələsgərov, Bahar Muradova, deputatlar Siyavuş Novruzov, Əli Hüseynli, Zahid Oruc, Fəzail Ağamalı, Azay Quliyev, Qüdrət Həsənquliyev və başqaları çıxış edərək Avropa Parlamentinin ölkəmizlə bağlı qərəzli qətnaməsinə münasibət bildirdilər, təkliflər səsləndirdilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Əvvəlcə deputatlar Milli Məclisin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planını müzakirə edərək təsdiqlədilər. 
Fasilədən sonra Azərbaycan Respublikasının Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyannaməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsi, ölkəmizlə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, bu ölkənin hökuməti ilə dəniz nəqliyyatı haqqında Saziş, Azərbaycanla Avropa İttifaqı arasında ölkəmizin İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu, Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya, Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti, həmçinin Vyetnam Sosialist Respublikasının Hökuməti ilə  gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyalar, Azərbaycan Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, Uruqvay Şərq Respublikası Hökuməti ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş səsə qoyularaq təsdiqləndi. 
Sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırılmaq məqsədilə paket şəklində 23 qanun layihəsinə dəyişikliklər edilməsi təklif olunur.
İclasda bununla əlaqədar olaraq İnzibati Xətalar, Gömrük, Vergi, Əmək, Şəhərsalma və Tikinti Məcəllələrinə, "Poçt haqqında", "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında", "Fitosanitar nəzarəti haqqında", "Baytarlıq haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında",  "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında",  "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Standartlaşdırma haqqında", "Texniki təhlükəsizlik haqqında", "Valyuta tənzimi haqqında" və "Yanğın təhlükəsizliyi haqqında" Qanunlara təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqləndi. Bildirildi ki, bu dəyişikliklər sahibkarların daha yaxşı fəaliyyət göstərmələrinə kömək edəcəkdir.
Sonra iclasda "Siyasi partiyalar haqqında" Qanuna təklif olunan dəyişikliklər müzakirə edildi. Bildirildi ki, qanunun “Siyasi partiyanın vəzifələri”, “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması”, “İanələr” və “Maliyyə hesabatı” adlı maddələrinə təklif olunan dəyişikliklərin məqsədi mövcud normaların təkmilləşdirilməsidir. Dəyişikliklər səsə qoyularaq qəbul edildikdən sonra deputatlar "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanuna təklif edilən dəyişikliyi də müzakirə etdilər. Məlumat verildi ki, dəyişiklik bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində yaranan münasibətləri daha mükəmməl və şəffaf tənzimləmə məqsədilə həyata keçirilir. Millət vəkilləri bu dəyişikliyə də müsbət münasibət bildirdilər.
İclasın sonunda deputat Məlahət İbrahimqızı Avropa Parlamentinin 2014-cü il 18 sentyabr Qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını oxudu. Bəyanat səsə qoyularaq təsdiqləndi. Bununla da Milli Məclisin 2014-cü ilin payız sessiyasında ilk iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU