05.08.2020 "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

 

"İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 380, № 8, maddə 1382; Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"1.2. Bu Qanun əsasında sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir.";

1.2. 2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.15-ci maddə əlavə edilsin:

"2.0.15. fasiləsiz sığorta stajı - bu Qanunun 13.1.3-cü maddəsinə uyğun olaraq sığorta ödənişinin ödənilməsi zamanı nəzərə alınan ardıcıl və davamlı şəkildə gələn, bu Qanunun 11-ci maddəsi ilə müəyyən olunan müddət.";

1.3. 4.0.5-ci maddədən "sığorta stajından və" sözləri çıxarılsın;

1.4. 13-cü maddə üzrə:

1.4.1. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.1. Sığorta ödənişini almaq hüququna yalnız aşağıdakı əsaslarla əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:

13.1.1.   "Dövlət   qulluğu   haqqında"   Azərbaycan   Respublikası  Qanununun 33.1.2-ci maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə uyğun olaraq, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi;

13.1.2.  "Dövlət  qulluğu  haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə uyğun olaraq, işçilərin sayının və ya ştat vahidlərinin ixtisar edilməsi;

13.1.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin bitməsi.";

1.4.2. 13.2.1-ci maddəyə  "işsizliyin"  sözündən  əvvəl "bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda" sözləri əlavə edilsin və həmin maddədən ", lakin ən azı 3 il" sözləri çıxarılsın;

1.4.3. 13.2.2-ci maddəyə "işsizliyin" sözündən əvvəl "bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda" sözləri əlavə edilsin və həmin maddədə "3" rəqəmi "1" rəqəmi ilə əvəz edilsin;

1.4.4. 13.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.3-cü maddə əlavə edilsin:

"13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ən azı 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi ("Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) ilə ardıcıl və davamlı şəkildə fasiləsiz sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.";

1.4.5. 13.5-ci maddədə "İlk dəfə" sözləri "Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.";

1.4.6. 13.6-cı maddəyə birinci halda "zamanı" sözündən sonra "bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla" sözləri əlavə edilsin;

1.4.7. 13.8-ci maddəyə "12 ay" sözlərindən sonra "bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 3 il" sözləri əlavə edilsin;

1.5. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onun itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır."; 

1.6. 17-ci maddə üzrə:

1.6.1. 17.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"17.1. Bu Qanunun 13-cü maddəsinə uyğun olaraq, sığorta ödənişinin təyin edilməsi üçün sığortaolunanın hüququnun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müəyyən edilməsi mümkün olduğu halda sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişini almaq üçün tələb olunan sənədlərin (məlumatların) təqdim olunmasına dair mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın ünvanına və olduğu halda mobil telefonuna və elektron ünvanına bildiriş göndərir.";

1.6.2. 17.7-ci maddənin birinci cümləsinə "alan şəxs" sözlərindən sonra ", habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan və sığorta ödənişinin təyin edilməsi üçün 3 aylıq gözləmə müddətində olan şəxs" sözləri və ikinci cümləsinə "alan şəxsə" sözlərindən sonra ", habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan və sığorta ödənişinin təyin edilməsi üçün 3 aylıq gözləmə müddətində olan şəxsə" sözləri əlavə edilsin;

1.6.3. 17.8-ci maddəyə "alan şəxslərin" sözlərindən sonra ", habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan və sığorta ödənişinin təyin edilməsi üçün 3 aylıq gözləmə müddətində olan şəxslərin" sözləri əlavə edilsin;

1.7. 20.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.2. Bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan işsizlikdən sığorta fondunun hər il üçün büdcəsinin gəlirlərinin və xərclərinin ümumi məbləği qanunla təsdiq edilir. Qanunla təsdiq edilmiş büdcə göstəriciləri daxilində işsizlikdən sığorta fondunun büdcəsinin gəlirlərinin mənbələri və xərclərinin istiqamətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.".

Maddə 2. Qanunun qüvvədəolma müddəti

2.1. Bu Qanun 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi