MİLLİ MƏCLİSDƏ AŞPA-nın ÖLKƏMİZDƏ PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ MİSSİYASI İLƏ GÖRÜŞ KEÇİRİLDİ

23/01/20

Yanvarın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək  üçün yaradılmış  xüsusi  komitəsinin  üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri  ilə görüşü oldu.
Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Sevinc  Fətəliyeva qonaqlara parlamentdə  təmsil olunan  siyasi  partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açdı. Növbədənkənar parlament  seçkilərinin keçirilməsini ölkəmizdə həyata  keçirilən islahatların davamı kimi qiymətləndirdi.  Qeyd  olundu ki,  belə tərkibdə missiyanın bu gün burada təmsil olunması Azərbaycanda seçki prosesinin şəffaf və demokratik olmasının göstəricilərindən biridir.
Bildirildi ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində irəliləyir, qurumun təsisatları ilə hərtərəfli əməkdaşlıq həyata  keçirilir.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək  üçün yaradılmış xüsusi  komitəsinin üzvləri - İsveçrədən olan Alfred Heer, Estoniya  nümayəndəsi  Ravio Tam,  Yunanıstandan olan Georgios Kartuqkalos Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olduqlarını vurğuladılar.
Görüşdə iştirak edən  Böyük  Quruluş Partiyasının sədri Fazil Mustafa, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vəhdət  Partiyasının sədri  Tahir  Kərimli və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev qonaqları  maraqlandıran suallara ətraflı cavab verdilər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
 
Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi