PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ RUSİYA FEDERASİYASINDA RƏSMİ SƏFƏRDƏ OLACAQ

17/09/20
Sentyabrın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına ilk rəsmi səfər edəcək. 
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından  və  parlament Aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər. 
Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.
Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir. 
Rusiya Dövlət Dumasında olarkən Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçiriləcək. 
Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub. 
Səfər çərçivəsində keçirilən görüşlərdə  parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı  prosesində  təcrübə və informasiya  mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 23-də başa çatacaq. 

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi