REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

22/10/20
Oktyabrın 22-də  Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. İclası komitə sədri Siyavuş Novruzov açıb. 
Komitə sədri rəşadətli Azərbaycan ordusunun yüksək döyüş hazırlığından söz açdı. Bildirildi ki, Azərbaycan əsgəri böyük şücaət nümayiş etdirərək Dağlıq Qarabağda hərbi baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirib, Cəbrayıl, Füzuli, Zəngilan rayon mərkəzlərini və bir sıra kəndlərini  işğaldan azad edib.  
Xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı tezliklə azad ediləcəyinə əmindir. Hər gün yeni-yeni işğal altında olan torpaqlarımız azad olunur, Azərbaycan əsgərinin cəbhədə tarix yazmasının şahidi oluruq. Bu, böyük qələbədir. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqq mübarizədir. 
Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsi” daxil edilib. Layihəyə əsasən Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılır. Bildirdi ki, Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı soyqırımı etməklə yanaşı, yerli toponimləri dəyişdirərək cinayətə yol veriblər. Hazırda qüdrətli Azərbaycan dövləti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edir, haqq ədalət öz yerini tapır. 
Azad edilmiş torpaqlarda yaşayış məntəqələrinin öz tarixi adlarının qaytarılması mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır. Yer adlarımıza qarşı  törədilən  erməni saxtakarlığı aradan qaldırılır. Coğrafi ərazi baxımından Qarabağda Çinar ağacları geniş yayılıb. Bu  baxımdan  Xocavənd rayonun Vəng kəndinin adını Çinarlı adlandırılması məntiqlidir. 
Sonra Milli Məclis yanında Toponimiya komissiyasının sədri İsa Həbibbəyli Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Tahir Rzayev, Səttar Möhbalıyev, Nizami Cəfərov, Emin Hacıyev, Cavid Osmanov, Aqil Məmmədov öz çıxışlarında Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı fikirlərini bölüşdülər. Deputatlar bu haqq işində şanlı ordumuza uğurlar dilədilər. Müzakirə olunan məsələyə münasibət bildirdilər.
İclasın sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi