MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının onlayn iclası keçirilib

23/10/20
Oktyabrın 23-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
İclasda MDB PA-ya üzv ölkələrin parlament nümayəndələri və ekspertlər  iştirak ediblər. Azərbaycanı tədbirdə Milli Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əliyeva təmsil ediblər. 
Əvvəlcə, iclasa sədrlik edən  Tacikistan parlamentinin deputatı İlxom Amonzoda  gündəliyi təqdim edib. Gündəlik yekdilliklə qəbul olunub. 
Sonra təşkilati məsələlərə baxılıb. Komissiyanın sədri vəzifəsinə Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının Dövlət quruculuğu, yerli özünüidarəetmə və reqlament üzrə daimi komissiyasının sədri Valentin Semenyakonun namizədliyi təklif edilib. Valentin Semenyako yekdilliklə komissiyanın sədri seçilib. 
Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı, Rusiya Federal Məclisi Federasiya Şurasının deputatı Yuriy Meşeryakov, Tacikistan Ali Məclisinin komitə sədri Abdurahim Xolikzoda komissiyanın sədr müavinləri seçiliblər. 
Daha sonra iclasda bir sıra model qanun layihələrinin müzakirəsi keçirilib.
MDB-yə üzv ölkələr üçün model Seçki Məcəlləsinin layihəsini  Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü Oleq Tsepkin və ekspert İqor Borisov təqdim ediblər. Bildirilib ki, layihənin hazırlanmasında milli parlamentlər aktiv iştirak ediblər. Sənəddə müvafiq seçki prosedurlarının tənzimlənməsi qaydaları öz əksini tapıb. Bu sahədə əvvəlki təcrübə nəzərə alınıb. 
”Regional investisiya layihələri haqqında” model qanun layihəsi barədə Rusiyalı ekspert Aleksey Prisyajnyuk məlumat verib. 
Böhran əleyhinə tənzimləmə alətlərinin müqayisəli hüquqi analizi ilə bağlı layihəni Rusiyalı ekspert Aleksandr Prilepin təqdim edib. Müzakirələr zamanı böhran vəziyyətlərdə, o cümlədən hazırda mövcud olan pandemiya şəraitində kiçik və orta sahibkarlığa dəstək proqramlarının həyata keçirilməsi, bununla bağlı regionlar üzrə  monitorinqlərin aparılmasının əhəmiyyəti barədə danışılıb. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, onların maliyyələşməsi məsələlərinə toxunulub.
“Dövlət mükafatları haqqında” model qanun layihəsi ilə bağlı Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü Oleq Tsepkin və ekspert İrina Alyoxina çıxış ediblər. Qeyd olunub ki, layihədə dövlətin təltif etmə sahəsində fəaliyyəti tənzimlənir. Burada inzibati-ərazi vahidlərinin də mükafatlandırılması nəzərdə tutulub. Məsələnin müzakirəsi zamanı diqqətə çatdırılıb ki, layihə ilə əlaqədar Azərbaycan parlamentindən ekspert rəyi daxil olub.  Rəyin nəzərə alınacağı bildirilib.
Sonra MDB-yə üzv ölkələrin davamlı və təhlükəsiz inkişaf konsepsiyasının qanunvericilik əsaslarının layihəsi üzərində aparılan işlərdən bəhs edilib. 
Azərbaycan Respublikası Prezidentinin bu məsələ ilə əlaqədar xüsusi qeydi olduğunu nəzərə alaraq, Milli Məclisin nümayəndə heyəti müzakirələrdə və  səsvermədə iştirak etməyib. 
İclasda Müstəqil Dövlətlər Birliyində model qanunvericilik planının həyata keçirilməsi barədə danışılıb, 2020-2022-ci illər üzrə model qanunvericilik işləri planına təkliflər səsləndirilib. 
Komissiyanın sədri Valentin Semenyako komissiyanın təşəbbüsü ilə MDB PA-nın qəbul etdiyi model qanunvericilik aktlarından Belarus Parlamentinin Nümayəndələr Palatasının qanun yaradıcılığı sahəsində istifadə edilməsi barədə məlumat verib. 
Müzakirələrdə seçki prosedurlarının təşkilinin müasir çərçivələri, dövlət və bələdiyyə xidmətləri sahəsində rəqəmsal texnologiyalardan istifadə edilməsi və digər məsələlərə toxunulub. 
İclasda komissiyanın 2020-ci ildə gördüyü işlər barədə məlumat verilib, 2021-ci il üçün fəaliyyət planına baxılıb.
Komissiya sədri “Vətəndaşlar və hakimiyyət arasında dialoq” mövzusunda seminarın hazırlıq işləri barədə məlumat verilib.
Sonda bildirilib ki, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyanın növbəti iclasının 2021-ci il aprel-may aylarında Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulub. 
İclasda Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxış edib. O, ümid etdiyini bildirib ki, keçirilən görüşlər MDB-yə üzv ölkələr arasında dostluq və səmərəli əməkdaşlığı daha da möhkəmləndirəcək. Millət vəkili qeyd edib ki, ölkələrimizin davamlı və təhlükəsiz inkişafını yalnız qarşılıqlı anlaşma, xalqların hüquq və azadlıqlarının qorunması, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinə əməl edilməsi şəraitində təmin etmək olar. Deputatımız bu baxımdan Azərbaycanda və regionda hazırda yaranmış vəziyyətlə bağlı iclas iştirakçılarının diqqətini çəkib. Bildirib ki, bizim, parlamentari olaraq əsas məqsədimiz xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsini, parlamentlər arasında səmərəli dialoqun qurulmasını təmin etməkdir. Biz sülhün bərqərar olmasında səylərimizi əsirgəməməli, hər hansı təxribatların qarşısının alınması istiqamətində qətiyyətli sözümü deməliyik.
Komissiyanın sədri Valentin Semenyako müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi