NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KONSTİTUSİYASI


NAXÇIVAN  MUXTAR  RESPUBLİKASININ  KONSTİTUSİYASI
 

Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. 1 Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək, Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Res­publikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının bu Konsti­tusi­ya­sının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qə­bul edilən Konstitusiyası təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Res­publikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən təntənəli surətdə aşağıdakı niyyətlər bəyan edilir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq;

Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçi­vəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq.

Yuxarıda göstərilən ülvi niyyətlərlə bu Konstitusiya qəbul edilir.
 

I  fəsil
Ümumi  müddəalar

 

Maddə 1. Naxçıvan Muxtar Respublikasının sta­tusu

I. Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar res­pub­likadır.

II. Naxçıvan Muxtar Respublikasının statusunu Azər­baycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqa­vilələri müəyyən edir.* *

 

Maddə 2. Muxtariyyətin əsasları

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respub­likasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

II. Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respub­likası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiy­yət­lərinə aid edilməyib.

III. Naxçıvan Muxtar Respublikasının səlahiyyət­lərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respubli­kasının ümumi mənafeləri ilə bağlıdır.

 

Maddə 3. Hakimiyyətlərin bölünməsi

I. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiy­yəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Res­publikasının Ali Məclisi həyata keçirir;

icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respub­likasının məhkəmələri həyata keçirir.

II. Bu Konstitusiyanın müddəalarına əsasən qanun­vericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliy­yət göstərirlər.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azər­­baycan Respublikasının Konstitusiyası, qanunları və bu Kon­stitusiya ilə onun səlahiyyətlərinə aid edilən məsələ­lərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitu­siyası, qanun­ları və Azərbaycan Respublikası Prezi­den­tinin fərma­nları ilə onun səlahiyyətlərinə aid edilən məsə­lə­lərin həllində, Naxçıvan Muxtar Respublikası məh­kə­mələri isə Azərbaycan Respub­likası Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

 

Maddə 4. Dövlət hakimiyyətinin mənimsə­nil­mə­sinə yol verilməməsi

I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiy­yətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

 

Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali və­zifəli şəxsi

I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəx­si həm qanunvericilik, həm də icra hakimiyyəti sahə­lərində aşağıdakı səlahiyyətləri həyata keçirir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir;

2) Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət or­qan­larının qarşılıqlı fəaliyyətini təmin edir;

3) Naxçıvan Muxtar Respublikasının qanunlarını imza­layır və dərc edir;

4) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai-siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabi­netinin istefası haqqında qərar qəbul edir;

6) Naxçıvan Muxtar Respublikasının dövlət büd­cəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçi­və­sində mərkəzi icra hakimiyyəti orqanlarını yaradır;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ses­siyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respub­li­kası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin fəaliyyətini təmin edir;

8) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;

9) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Nax­çıvan Muxtar Respublikasının ümumi və ixtisas­laş­dırıl­mış məhkəmələri hakimlərinin vəzifəyə təyin və vəzi­fə­dən azad edilməsinə dair təkliflər verir;*

10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;**

11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;***

12) ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;****

13) Naxçıvan Muxtar Respublikası prokurorunun, ra­yon, şəhər və ixtisaslaşdırılmış prokurorlarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir;

14) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Res­publikasının hərbi doktrinasını həyata keçirir, Azər­baycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Res­publikası ərazisində yerləşmiş birləşmələrinin koman­dan heyətləri haqqında təklif verir;

15) vətəndaşlıq məsələlərinə dair təklif verir;

16) əfv edilmə məsələlərinə dair təklif verir;

17) Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir;

18) ümumi və qismən səfərbərliyin həyata keçirilmə­sini təmin edir;

19) vətəndaşların müddətli hərbi xidmətə çağırılma­sının və müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması tədbir­lərinin həyata keçirilməsinə yardım edir;

20) Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilmiş fövqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respub­lika­sın­da fövqəladə və hərbi vəziyyət elan olunması məsə­ləsinə dair təklif verir;

21) Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təklif verir;*

22) Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nax­­çıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin səlahiy­yət­lərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir.

III. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqti­sadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respubli­kasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azər­baycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasi­bət­lərində Naxçıvan Muxtar Respub­likasını təmsil edir.

IV. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının dövlətçiliyinin varisli­yini təmin edir.

V. Bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.

Maddə 6. Ərazi

Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir.

 

Maddə 7. Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının qo­runması, gözlənilməsi və Azərbaycan Respublikası vətən­daşlarının vəzifələrinin icrasını təmin etmək Naxçıvan Mux­tar Respublikasının dövlət orqanlarının əsas vəzifəsidir.

 

Maddə 8. Naxçıvan Muxtar Respublikasında və­təndaşların səsvermə hüququ

Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Kon­stitusiyada və qanunda nəzərdə tutulan digər şəxs­lərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdud­laşdırıla bilər.

 

Maddə 9. Paytaxt

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəridir.

 

Maddə 10. Naxçıvan muxtar dövlətinin rəmzləri

Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azər­baycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respub­­likasının Dövlət himnidir.

 

II  fəsil
Qanunvericilik  hakimiyyəti

 

Maddə 11. Qanunvericilik hakimiyyətinin həya­ta keçirilməsi

Naxçıvan Muxtar Respublikasında qanunvericilik haki­miyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

 

Maddə 12. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin say tərkibi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 de­putatdan ibarətdir.

 

Maddə 13. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi deputatlarının seçkilərinin əsasları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin depu­tatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

 

Maddə 14. Naxçıvan Muxtar Respublikası Ali Məc­­lisi çağırışının səlahiyyət müddəti

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin de­putatlarının səlahiyyət müddəti Naxçıvan Muxtar Respub­likası Ali Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin de­pu­tatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

 

Maddə 15. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Res­publikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistem­lə­rində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məh­kə­mə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məh­kum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə min­miş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilə bilməzlər.

 

Maddə 16. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi deputatlarının seçkilərinin nəticələ­rinin yoxlanılması və təsdiqi

Seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir.

 

Maddə 17. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi deputatlarının səlahiyyətinin bitməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputat­larının səlahiyyətləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlığından çıxanların yerinə seçkilər keçirilmir.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

 

Maddə 18. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin sessiyaları

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 de­putatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçı­van Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbə­dənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərə­findən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputa­tı­nın tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Res­pub­likası Ali Məclisinin sədri tərəfindən çağırılır.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədən­kə­nar sessiyanın işi bitir.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.*

 

Maddə 19. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin deputatlığından məhrum­et­mə və Naxçıvan Muxtar Respub­likası Ali Məc­lisinin deputatlarının səlahiy­yət­lərinin itirilməsi

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıx­dıq­da və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;**

5) özü imtina etdikdə.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin depu­tatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiy­yətləri itirilir. Bu haqda müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

 

Maddə 20. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi deputatlarının toxunulmaz­lığı

I. Səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının şəxsiyyəti Naxçıvan Muxtar Respublikasında toxunulmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin deputatını tutan orqan bu barədə dərhal Naxçıvan Muxtar Respublikası prokuroruna xəbər verməlidir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının toxunulmazlığına yalnız Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.

 

Maddə 21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin depu­tat­ları Naxçıvan Muxtar Respublikası Ali Məclisindəki fəaliy­yətinə, səsverməyə və söylədiyi fikrə görə məs­uliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Maddə 22. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin işinin təşkili

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz iş qaydasını müəyyən edir və Ali Məclisin müvafiq orqan­larını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir.*

 

Maddə 23. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin aktları

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Kon­sti­tusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin depu­tatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.

IV. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azər­baycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

 

Maddə 24. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin müəyyən etdiyi ümumi qaydalar

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşa­ğıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisi depu­tat­larının statusu;

3) Naxçıvan Muxtar Respublikasının İnsan  hüquqları üzrə müvəkkilinin statusu;*

4) Azərbaycan Respublikasının iqtisadi və vergi siya­sətinə uyğun olaraq vergilər;

5) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inki­şafı istiqamətləri;

6) sosial təminat;

7) ətraf mühitin qorunması;

8) turizm;

9) səhiyyə, elm və mədəniyyət;

10) Azərbaycan Respublikası Konstitusiyası və qanun­ları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

 

Maddə 25. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin həll etdiyi məsələlər*

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşa­ğı­dakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işi­nin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzi­fəyə təyin edilməsi və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabine­tinin tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə etimad;

7) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan  hüquqları üzrə müvəkkilinin seçilməsi;

8) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;

9) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Nax­çıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman­la­rının təsdiqi;

10) Azərbaycan Respublikası Konstitusiyası və qanun­ları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir.*

 

Maddə 26. Qanunvericilik təşəbbüsü hüququ**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qa­nun­vericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Nax­çıvan Mux­tar Respublikasının Baş nazirinə, Naxçıvan Muxtar Res­publikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna mənsubdur.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Nax­çıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun qanun­veri­cilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisi depu­tatlarının, Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Nax­çıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

V. Qanun və qərar layihəsini Naxçıvan Muxtar Res­publikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respub­likasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

VI. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

 

Maddə 27. Qanunların və qərarların imzalan­ması

I. Qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məcli­sinin sədri tərəfindən imzalanır.

II. Təcili elan olunan qanun və qərar layihəsi Naxçı­van Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

 

Maddə 28. Naxçıvan Muxtar Respublikası Ali Məc­­lisinin aktlarının qüvvəyə min­məsi

Qanunun və Naxçıvan Muxtar Respublikası Ali Məc­li­­sinin qərarının özündə başqa qayda nəzərdə tutulma­yıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisinin sədrinə aid tələblər

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Nax­çıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər.

II. Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Res­pub­likasının ərazisində beş ildən az olmayaraq daimi yaşa­yan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təh­silli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respubli­kası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Res­publikası Ali Məclisinin sədri seçilə bilər.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi səd­rinin seçkisi qaydasını Naxçıvan Muxtar Respub­likasının Ali Məclisi müəyyən edir.

 

Maddə 30. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi sədrinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iste­fa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə, müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

 

Maddə 31. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi sədrinin vəzifədən kənar­laş­dırılması

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.

 

Maddə 32. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi sədrinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri:

1) Ali Məclisin növbədənkənar sessiyalarını çağırır;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ic­laslarına sədrlik edir;

3) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzi­fəyə təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

4) Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respub­likası Ali Məclisinə təqdim edir;

5) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin de­putatı öz mandatından imtina etdikdə və qanunla müəyyən edilmiş digər hallarda onu deputat mandatından məhrum edir;

6) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edir;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavinliyinə namizədlərin seçilməsi və Ali Məclisin sədr müavinlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;

8) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəy­yən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məcli­sinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;

9) bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.

 

Maddə 33. Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi sədrinin aktları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri qə­rarlar qəbul edir.

 

III  fəsil
İcra  hakimiyyəti

Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti

I. Naxçıvan Muxtar Respublikasında icra hakimiy­yə­tini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabi­neti həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabi­neti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabi­neti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

 

Maddə 35. Naxçıvan Muxtar Respublikası Na­zir­lər Kabinetinin statusu

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçı­van Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

 

Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabinetinin tərkibi

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabi­ne­tinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

 

Maddə 37. Naxçıvan Muxtar Respublikasının Baş naziri

Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

 

Maddə 38. Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabinetinin iclasları

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Naxçıvan Muxtar Respub­li­kasının Baş naziri sədrlik edir.

 

Maddə 39. Naxçıvan Muxtar Respublikası Na­zir­­lər Kabinetinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Ka­bineti:

muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Nax­çıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

muxtar respublikanın büdcəsini icra edir;

muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqan­larına rəhbərlik edir, onların aktlarını ləğv edir;

Azərbaycan Respublikası Prezidentinin onun səlahiy­yətlərinə aid etdiyi digər məsələləri həll edir.

II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabi­neti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Res­publikasını Azərbaycan Respublikasının Nazirlər Kabine­tində təmsil edir.

 

Maddə 40. Naxçıvan Muxtar Respublikası Na­zirlər Kabinetinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələ­lər üzrə sərəncamlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları, başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.

 

Maddə 41. Naxçıvan Muxtar Respublikası Na­zir­lər Kabinetinin üzvlüyünə nami­zəd­lərə aid tələblər

I. Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifə­sinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

 

Maddə 42. Naxçıvan Muxtar Respublikası Na­zir­­lər Kabinetinin üzvlərinə aid tələblər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

IV  fəsil
Məhkəmə  hakimiyyəti

Maddə 43. Məhkəmə hakimiyyətinin həyata ke­çirilməsi*

I. Naxçıvan Muxtar Respublikasında məhkəmə haki­miyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Res­pub­likasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublika­sının ümumi və ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Azərbaycan Respublika­sının Konstitusiyası, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir.

IV. Cinayət məhkəmə icraatında Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məq­sədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

 

Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi*

I. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin və Naxçıvan Muxtar Respub­likası Prokuror­luğu­nun sorğusu əsasında aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikasının qanunlarının, Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin qərar­la­rının, Nax­çıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respub­likası Ali Məc­­lisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Res­pub­likası Nazirlər Kabinetinin qərar və sərəncam­la­rının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra haki­miyyəti orqanlarının normativ hüquqi aktlarının Nax­çıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncam­larının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra haki­miyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;

3) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabine­tinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.

III. Hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçı­van Muxtar Respublikasının qanunvericilik və icra haki­miy­yəti orqan­larının normativ hüquqi aktlarından bu mad­dənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələ­lərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərə­fin­dən həll edilməsi üçün, habelə bələdiyyə və məh­kəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bər­pa edilməsi məqsədi ilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.

IV. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.

V. Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası qanunlarının şərh edilməsi haqqında qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.

VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

VII. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.

 

Maddə 45. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri*

I. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir.

II. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

 

Maddə 46. Naxçıvan Muxtar Respublikası Pro­ku­ror­luğu

I. Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.*

II. Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi prokurorlarının Naxçıvan Muxtar Respublikası prokuro­runa və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Naxçıvan Muxtar Respublikası prokurorunu Nax­çıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi əsa­sında Azərbaycan Respublikası Baş prokurorunun təqdi­matı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir.

IV. Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Res­publikası Prezidentinə verilmiş təklifi və Azərbaycan Res­publikası Prezidentinin razılığı ilə Azərbaycan Respubli­ka­sının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir.

V  fəsil
Qanunvericilik  sistemi

Maddə 47. Naxçıvan Muxtar Respublikası Kon­sti­tusiyasının hüquqi qüvvəsi

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsasıdır.

 

Maddə 48. Naxçıvan Muxtar Respublikasının qa­nun­vericilik sistemi

I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik siste­minin tərkib hissəsidir.

II. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə uyğundur.

III. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının aşağıdakı nor­mativ hüquqi aktlarından ibarətdir:

1) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;

2) Naxçıvan Muxtar Respublikasının qanunları;

3) Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəx­si­nin fərmanları;

4) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabine­tinin qərarları;

5) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra haki­miyyəti orqanlarının normativ aktları.

 

Maddə 49. Naxçıvan Muxtar Respublikasının nor­mativ hüquqi aktları

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslan­ma­lıdır.

II. Naxçıvan Muxtar Respublikasının qanunları Azər­baycan Respublikasının Konstitusiyasına və qanunla­rına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş qanunların tətbiqi və ic­rası Naxçıvan Muxtar Respublikasında bütün vətən­daşlar, icra hakimiyyəti və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

III. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları Azərbaycan Respublikası Konstitusi­yasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respub­li­kası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncam­la­rına zidd olmamalıdır, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərmanları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətən­daşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

IV. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti­nin qərarları Azərbaycan Respublikasının Konstitusi­ya­sına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitu­siyasına və qanunlarına, Azərbaycan Respub­likası Prezi­dentinin fərman və sərəncamlarına, Azərbay­can Respub­likası Nazirlər Kabinetinin qərar və sərən­cam­larına, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına zidd olmamalıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respub­likasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məc­buridir.

V. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra haki­miyyəti orqanlarının aktları Azərbaycan Respubli­ka­sının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respub­likasının Konstitusiyasına və qanunlarına, Azər­baycan Res­publikası Prezidentinin fərman və sərəncam­larına, Azər­bay­can Respublikası Nazirlər Kabinetinin qərar və sərən­camlarına, Naxçıvan Muxtar Respublika­sının ali vəzifəli şəxsinin fərman və sərəncamlarına, Naxçıvan Muxtar Res­pub­likası Nazirlər Kabinetinin qərarlarına və sərəncam­la­rına, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır.

VI  fəsil
Naxçıvan  Muxtar  Respublikasının
Konstitusiyasına dəyişikliklər və əlavələr

Maddə 50. Naxçıvan Muxtar Respublikasının Kon­stitusiyasına dəyişikliklərin və  əlavələrin qəbul edilmə qaydası

I. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına də­yi­şikliklər və əlavələr Naxçıvan Muxtar Respubli­kasının Ali Məclisində 35 səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitu­si­ya­sına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra təklif qanunlar üçün nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə imzalamaq üçün təqdim olunur.

IV. Naxçıvan Muxtar Respublikasının Konstitusi­yasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının əsas mətninə zidd olma­malıdır.

 

KEÇİD  MÜDDƏALARI

1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edildikdən və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il mayın 30-da qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.

2. Naxçıvan Muxtar Respublikasının xalq deputat­larının səlahiyyətləri yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclas günü başa çatır.

Yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin azı 31 deputatının seçildiyinin elan edildiyi gündən sonra bir ay ərzində keçirilir.

3. 1995-ci il sentyabrın 12-də qəbul edilmiş «Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 79-cu maddəsi bu Qanun əsasında seçilmiş Naxçıvan Muxtar Respub­likası Ali Məclisinin birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.

4. Bu Konstitusiyanın qəbul edildiyi günədək Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədə olan Naxçıvan Muxtar Respublikasının qanunları və başqa normativ hüquqi aktları bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.



[1] Preambulanın birinci abzasının birinci cümləsinin bu redaksiyası Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

* * 1-ci maddənin II hissəsinin bu redaksiyası Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

* 9-cu bəndin bu redaksiyası Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 227-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

** 10-cu bənd Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 127-IIIKQD №-li Konstitusiya Qanunu ilə əlavə edilmişdir.

*** 11-ci bənd Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə əlavə edilmişdir.

**** 12-ci bənd Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə əlavə edilmişdir.

*21-ci bəndin bu redaksiyası Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

* IV hissə Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə əlavə  edilmişdir.

** 4-cü bənd Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə əlavə  edilmişdir.

* 22-ci maddənin bu redaksiyası Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №li Konstitusiya Qanunu ilə müəyyən  edilmişdir.

* 24-cü maddənin 3-cü bəndi Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 127-IIIKQD №-li Konstitusiya Qanunu ilə  əlavə edilmişdir. 

*25-ci maddənin 7-ci bəndi Azərbaycan Respublikasının 2006-cı il 2 oktyabr tarixli 127-IIIKQD №-li Konstitusiya Qanunu ilə, 8-ci bəndi 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD  №-li Konstitusiya Qanunu ilə əlavə edilmişdir.

* 25-ci maddənin II hissəsinin bu redaksiyası Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən  edilmişdir.

** 26-cı maddənin I, II, IV və V hissələrinin bu redaksiyası Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən  edilmiş, VI hissəsi yenə də həmin Konstitusiya Qanunu ilə əlavə olunmuşdur.

*43-cü maddənin IV hissəsinin bu redaksiyası 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmiş, VII hissəsi yenə də həmin Konstitusiya Qanunu ilə əlavə olunmuş, II hissəsinin bu redaksiyası 2011-ci il 15 noyabr tarixli 227-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

* 44-cü maddənin III, IV, V hissələri Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1034-IIKQD №-li Konstitusiya  Qanunu ilə əlavə olunmuş, I hissəsinin bu redaksiyası  2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmiş, VII hissəsi yenə də həmin Konstitusiya Qanunu ilə əlavə olunmuş, VI hissəsinin bu redaksiyası 2011-ci il 15 noyabr tarixli 227-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

*45-ci maddənin bu redaksiyası Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 227-IVKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

*46-cı maddənin I hissəsinin bu redaksiyası Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1060-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.

 

DOC formatda yüklə

PDF formatda yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU