"Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ədliyyə sahəsində fərqlənməyə görə”
Azərbaycan Respublikası medalının təsis
edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq    q ə r a r a   a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960; 2011, No– 11, maddə 992) 2-ci maddəsinin iyirmi altıncı hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda iyirmi yeddinci hissə əlavə edilsin:
“Ədliyyə sahəsində fərqlənməyə görə” medalı.”.
Maddə 2. “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2012-ci il
No– 403-IVQD

 


Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

“Ədliyyə sahəsində fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

 

Maddə 1. Təltif edilən şəxslər

“Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə ədliyyə sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər:
ədliyyə orqanlarında qulluqda xüsusi fərqlənməyə görə;
ədalət mühakiməsinin həyata keçirilməsi işinə əhəmiyyətli töhfə verməyə görə;
ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə;
ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka və digər xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Döşə taxılma qaydası

“Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra  taxılır.

 


Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

 


“Ədliyyə sahəsində fərqlənməyə görə”
Azərbaycan Respublikası medalının təsviri

1. “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) guşələri milli ornamentlə işlənmiş, on iki guşəli ulduzu xatırladan kompozisiyadan ibarətdir. Ulduzun əks ucları arasındakı məsafə      37 mm-dir.
2. Ulduzun üzərində diametri 29 mm olan, gümüşü rəngli dairəvi lövhə yerləşdirilmişdir. Lövhənin üzərində göy mina ilə örtülmüş və kənarları qabarıq qızılı xətlə haşiyələnmiş dairəvi şərq qalxanı, yuxarı hissəsində aypara və səkkizguşəli ulduz, ortada kitab, qılınc və tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir.
3. Qalxan aşağı hissəsindən ortasınadək hər iki kənarı boyunca qızılı rəngli  dəfnə budaqları ilə əhatə olunmuşdur. Qalxanın dövrəsinin dəfnə budaqları ilə örtülməyən, qabarıq haşiyələnmiş görünən ətrafı üzərinə doqquz düymə bərkidilmişdir.
4. Medalın aşağı hissəsində, ortada ulduzun guşələrinə bərkidilmiş, kənarları qızılı xətlə haşiyələnmiş, qırmızı mina ilə örtülmüş dalğavari lentin üzərinə qabarıq qızılı hərflərlə «ƏDLİYYƏ» sözü həkk edilmişdir.
5. Medalın arxa tərəfinin səthi hamardır, ortada «ƏDLİYYƏ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» sözləri, ondan aşağıda medalın nömrəsi həkk olunmuşdur.
6. Medal paltara taxılmaq üçün elementi olan 27 mm x 43 mm ölçüdə qızılı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşir. Lövhənin üz tərəfi 2 hissədən ibarətdir.  Üst hissə hər birinin eni 8 mm olan, kənarlarda qızılı çalarlı, ortada qırmızı rəngli 3 şaquli zolaq təsvir edilmiş xara lentlə örtülmüşdür. Lentin şaquli kənarları eni 1,5 mm olan qara rəngli zolaqla haşiyələnmişdir. Lövhənin alt hissəsi medalın ulduzunun bir guşəsini xatırladan milli ornamentli təbəqədən ibarətdir.
7. Medala paltara taxılmaq üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU