"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 3, maddə 154; 2001, No– 3, maddə 149; 2002, No– 5, maddə 241, No– 12, maddə 706; 2003, No– 1, maddə 14; 2006, No– 5, maddə 389, No– 6, maddə 478, No– 8, maddə 657; 2007, No– 8, maddə 745; 2008, No– 5, maddə 348, No– 12, maddə 1048; 2012, No– 6, maddə 503; 2015, No– 3, maddə 247) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddənin ikinci hissəsinə “Dövlət” sözündən sonra “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri
10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir.
10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti;
10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması;
10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd.
10-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir:
10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır;
10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
10-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır.
10-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir.
10-1.7. Bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2018-ci il 
No– 1154-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU