Peşə təhsili haqqında

Qanunlar      Paylaşın:        

Peşə təhsili haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. formal peşə təhsili – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;
1.0.2. ixtisaslaşma – müvafiq peşə təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;
1.0.3. ilk peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri, metodiki və praktiki hazırlıq;
1.0.4. informal peşə təhsili – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;
1.0.5. inklüziv təhsil – təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və təhsilalanların müxtəlif xüsusiyyətlərinə uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi;
1.0.6. istehsalat təcrübəsi – ixtisas üzrə təhsilalanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktiki fəaliyyət prosesi;
1.0.7. istehsalat təlimi – peşə təhsilinin mütləq tərkib hissəsi kimi təhsilalanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki fəaliyyət prosesi;
1.0.8. iş yerində təcrübə müqaviləsi – peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə;
1.0.9. kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun səriştələrə, bacarıqlara malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsi;
1.0.10. qeyri-formal peşə təhsili – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;
1.0.11. modul (modul təlimi) – təhsil proqramının (kurikulumun) və ya təlim müddətinin müstəqil bölməsi olub, konkret peşə-ixtisas səriştələrinin formalaşdırılması üzrə materialların ayrı-ayrı bloklar halında strukturlaşdırılmış şəkildə bir-biri ilə əlaqəli öyrənilməsini nəzərdə tutan təlim hissəsidir;
1.0.12. peşə – insanın fiziki qüvvəsi və səylərinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyəti;
1.0.13. peşə liseyi – peşə təhsili ilə birlikdə tam orta təhsil verən təhsil müəssisəsi;
1.0.14. peşə məktəbi – peşə təhsili verən təhsil müəssisəsi;
1.0.15. peşə standartları – konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəd;
1.0.16. peşə təhsili – əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsi;
1.0.17. peşə təhsil mərkəzi – müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış ümumi orta təhsil və tam orta təhsil bazasında peşə təhsilinin bütün səviyyələrində fəaliyyət göstərən təhsil müəssisəsi ;
1.0.18. peşə təhsili müəssisəsi – əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsi;
1.0.19. peşə təhsil müəssisəsində müdavim – peşə təhsili müəssisəsində qısamüddətli kurslarda təhsil alan şəxslər;
1.0.20. peşə təhsil müəssisəsində tələbə – peşə təhsili müəssisəsində peşə təhsilinin səviyyələri üzrə təhsil alan şəxslər;
1.0.21. peşə təlimi – təhsilverənlə təhsilalan arasında müəyyən növ işin (işlər qrupunun) yerinə yetirilməsində qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses;
1.0.22. texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;
1.0.23. yüksək texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

Maddə 2. Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, peşə təhsili təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi vətəndaşların peşə təhsili sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və peşə təhsilinin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.
2.3. Bu Qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqi və rifahını yüksəltmək məqsədi ilə müxtəlif növ və səviyyədə olan peşə hazırlığının bütün formalarına şamil edilir.

Maddə 3. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas prinsipləri və istiqamətləri
3.1. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.1.1. peşə təhsili sahəsində bərabər imkanların yaradılması;
3.1.2. peşə təhsilinin yerli və beynəlxalq təhsil sisteminin, elm və texnikanın nailiyyətlərinin, ailə və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili;
3.1.3. peşə təhsilinin könüllülüyü və əlçatanlılığı;
3.1.4. peşə təhsili və təlimi sahəsində fasiləsiz öyrənmənin, varisliliyin və mobilliyin təmin olunması;
3.1.5. peşə təhsilinin müasir standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu, nəticəyönümlü metodlarla təşkili.
3.2. Peşə təhsili sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
3.2.1. peşə təhsilinin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi;
3.2.2. peşə təhsili üzrə məlumat bazasının yaradılması;
3.2.3. peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması;
3.2.4. nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin və əmək bazarında rəqabətə davamlı, stimullaşdırıcı əməkhaqqı sisteminin yaradılması;
3.2.5. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili;
3.2.6. peşə təhsili müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafını təmin edərək, müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən peşə təhsil infrastrukturunun yaradılması;
3.2.7. peşə təhsilinin inkişafı üzrə dövlət proqramlarının hazırlanması;
3.2.8. işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, onların yüksək ixtisaslı kadrlarının tədris prosesinə cəlb edilməsi;
3.2.9. peşə təhsili sisteminin dayanıqlı və çoxmənbəli maliyyələşdirilməsinin formalaşdırılması;
3.2.10. səriştəyə əsaslanan şəxsiyyətyönlü və əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin məzmununun formalaşdırılması.

Maddə 4. Peşə təhsili sahəsində dövlətin vəzifələri
4.0. Peşə təhsili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
4.0.2. peşə təhsili və təlimi sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirmək;
4.0.3. peşə təhsilinə dair normativ hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarını və kvalifikasiyalara uyğun təhsil proqramlarını (kurikulumları) təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək;
4.0.4. müvafiq peşə üzrə təhsil standartları və proqramlarının (kurikulumların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, peşə assosiasiyaları ilə əməkdaşlıq etmək;
4.0.5. peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək, dövlət sifarişini və ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyən etmək;
4.0.6. peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;
4.0.7. dövlət peşə təhsili müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
4.0.8. ali təhsil müəssisələrində peşə təhsili və təlimi sistemi üçün kadr hazırlığının həyata keçirilməsinə nail olmaq və peşə təhsili və təlimi sisteminə yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək;
4.0.9. dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələrinə rəy vermək;
4.0.10. əmək bazarının tələblərinə və dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasını təmin etmək və proqnozları tərtib etmək;
4.0.11. peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi və rəqabət mühitinin inkişafı məqsədilə özəl və bələdiyyə peşə təhsili müəssisələri ilə əməkdaşlıq etmək və onlara metodik kömək göstərmək;
4.0.12. peşə təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və təhsilalanların təhlükəsizliyini təmin edən tədbirlərin (sığorta, əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsinə nəzarət etmək;
4.0.13. peşə təhsili müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq və onun digər təhsil pillələri və səviyyələrinin məlumat infrastrukturuna inteqrasiyasını təmin etmək;
4.0.14. müasir təhsil mühitinin yaradılması məqsədilə yeni təhsil texnologiyalarından istifadə etməklə, tədris prosesində innovasiyaların tətbiqinə şərait yaratmaq;
4.0.15. peşə təhsili müəssisələrinə elmi-metodik rəhbərliyi və təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
4.0.16. işəgötürənlərin və təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində və peşə təhsili müəssisələrində təcrübə proqramlarını hazırlamaq;
4.0.17. insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırmaq, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;
4.0.18. peşə təhsili müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;
4.0.19. peşə təhsili müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin attestasiyası (sertifikatlaşdırılması) qaydasını müəyyən etmək, akkreditasiyanı və attestasiyanı (sertifikatlaşdırılmanı) həyata keçirmək;
4.0.20. dövlət peşə təhsili müəssisəsinin maddi-texniki və tədris bazasının yenilənməsi məqsədilə ümumtəhsil və ixtisas dərslikləri, tədris vəsaitləri, ədəbiyyatlar, əyani və texniki vəsaitlərlə təmin etmək;
4.0.21. dövlət peşə təhsili müəssisəsində ödənişsiz tibbi xidmətin təşkilini həyata keçirmək;
4.0.22. yaşlılar üçün peşə təlimini və ixtisasartırmanı təmin etmək;
4.0.23. sağlamlıq imkanları məhdud olan uşaqların və əlillərin peşə təhsili almaq hüququnu təmin etmək və onların ixtisasına uyğun işlə təmin olunmasına yardımçı olmaq;
4.0.24. peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlayıb həyata keçirmək;
4.0.25. peşə təhsili sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;
4.0.26. büdcədənkənar vəsaitin cəlb edilməsi məqsədilə dövlət peşə təhsili müəssisələrində profilinə uyğun istehsalat infrastrukturunun yaradılmasını təmin etmək;
4.0.27. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrində bərabər şərtlərlə təhsil almaq hüququnu təmin etmək;
4.0.28. peşə təhsili müəssisəsinin məzunlarına peşə təhsilinin növbəti səviyyəsinə keçid zamanı üstünlük vermək;
4.0.29. dövlət peşə təhsili müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin etmək;
4.0.30. peşə təhsili sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyətini stumullaşdırmaq;
4.0.31. peşə təhsili müəssisələrinin və peşə təhsili müəssisələri məzunlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün şərait yaratmaq.

Maddə 5. Peşə təhsilinin dövlət standartları
5.1. Peşə təhsilinin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.2. Tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, peşə təhsili müəssisələrində təhsil peşə təhsilinin dövlət standartlarına uyğun təşkil edilir.
5.3. Peşə təhsilinin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin ölçülə bilən keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
5.4. Sağlamlıq imkanları məhdud olan şəxslərin peşə təhsili xüsusi dövlət standartları əsasında həyata keçirilir.
5.5. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi və həmin sahədə tətbiq edilən dövlət peşə təhsili standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 6. Tədris dili
6.1. Peşə təhsili müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
6.2. Peşə təhsili müəssisələrində tədris “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa və peşə təhsilinin dövlət standartlarına uyğun olaraq Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə digər dillərdə də aparıla bilər.

2-ci fəsil
PEŞƏ TƏHSİLİNİN TƏŞKİLİ

Maddə 7. Peşə təhsilinin mahiyyəti və məqsədi
7.1. Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, onların ixtisaslarının daim artırılmasını, eyni zamanda zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir.
7.2. Peşə təhsili təhsilalanların tərbiyəsinin mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.
7.3. Peşə təhsili aşağıdakı məqsədlərə xidmət edir:
7.3.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının adət və ənənələrinə hörmət edən, ümumbəşəri dəyərləri qoruyan, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
7.3.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq;
7.3.3. təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, onlara müasir qeyri-standart yanaşma və sahibkarlıq bacarıqlarının aşılanması istiqamətdə həm nəzəri məlumatların, həm də praktiki bacarıqların öyrədilməsi məqsədilə müvafiq səriştələr əsasında təlim və təhsil proqramları (kurikulumlar) tərtib etmək;
7.3.4. kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti, təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət hissi aşılamaq;
7.3.5. məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meylinin təşəkkülü;
7.3.6. nəzəri biliklərə və praktik bacarıqlara yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
7.3.7. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
7.3.8. ehtiyac duyulan ixtisaslar üzrə əmək bazarının daim dəyişən tələbatının ödənilməsini təmin etmək.

Maddə 8. Peşə təhsili proqramı (kurikulum)
8.1. Peşə təhsili üzrə ixtisasın proqramı (kurikulumu) peşə təhsilinin dövlət standartları, ixtisasın peşə standartı və peşə təhsilinin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
8.2. İşçi təhsil proqramları (kurikulumlar) peşə təhsili müəssisələrində maraqlı tərəflərin nümayəndələrinin (işəgötürənlər, mütəxəssislər, təhsilalanlar, təhsilverənlər) iştirakı ilə nümunəvi təhsil proqramları (kurikulumlar) əsasında hazırlanır.
8.3. Peşə təhsili pilləsinin ayrı-ayrı ixtisaslar (ixtisas qrupları) üzrə təhsil proqramlarına (kurikulumlara) aşağıdakı tədris-metodiki sənədlər daxildir:
8.3.1. ixtisasın peşə standartı, modul strukturu və tədris planları;
8.3.2. təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə bağlı işçi təhsil proqramlarının (kurikulumların), o cümlədən işçi tədris planlarının, istehsalat işlərinin siyahısının, mövzu-təqvim planlarının hazırlanmasına, istehsalat təlimi və təcrübələrinin aparılmasına, istehsalat sınaq işlərinin yerinə yetirilməsinə, təhsilalanların aralıq və yekun dövlət attestasiyasının keçirilməsi və s. məsələlərə dair metodiki göstərişlər;
8.3.3. fənlərin (modulların) təhsil proqramları (kurikulumları);
8.3.4. fənlər (modullar) üzrə nəzəri biliklərin və təcrübi bacarıqların (istehsalat təlimi və təcrübəsinin) qiymətləndirmə meyarları;
8.3.5. dərsliklər, dərs vəsaitləri;
8.3.6. ixtisas və ümumtəhsil fənləri üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə və istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;
8.3.7. təhsilalanların biliyinin qiymətləndirilməsi üçün tədris-metodik materiallar (yoxlama və test tapşırıqları, təhsilalanların müstəqil hazırlığı üçün suallar və s.);
8.3.8. ixtisaslaşmış kabinet, laboratoriya və tədris-istehsalat emalatxanalarının siyahısı və s.
8.4. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasından qəbul olunmuş təhsilalanlara tədris edilən ümumi təhsil fənləri xüsusi dövlət təhsil proqramları əsasında keçirilir.
8.5. Peşə təhsili müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir.
8.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili proqramları (kurikulumlar) həyata keçirilir.
8.7. İnkluziv peşə təhsilini həyata keçirən peşə təhsili müəssisələri müvafiq imtiyazlarla (əmək haqqı və təqaüdlərin daha yüksək nəzərdə tutulması və s.) təmin edilir.

Maddə 9. Peşə təhsili sisteminin quruluşu
9.1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:
9.1.1. ilk peşə təhsili;
9.1.2. texniki peşə təhsili;
9.1.3. yüksək texniki peşə təhsili.
9.2. Peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır:
9.2.1. peşə məktəbi;
9.2.2. peşə liseyi;
9.2.3. peşə təhsil mərkəzi.
9.3. Müvafiq kadr potensialı və maddi-texniki tədris bazası olan ümumi təhsil müəssisələrində xüsusi proqramlar əsasında ilk peşə təhsili üzrə təmayüllü siniflər yaradıla bilər.
9.4. Peşə məktəbinə qəbul olunan şəxslərə:
9.4.1. ilk peşə təhsili;
9.4.2. texniki peşə təhsili almaq hüququ verilir.
9.5. Peşə liseyinə qəbul olunan şəxslərə:
9.5.1. ilk peşə təhsili;
9.5.2. texniki peşə təhsili;
9.5.3. texniki peşə təhsili ilə yanaşı tam orta təhsil almaq hüququ verilir.
9.6. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə:
9.6.1. ilk peşə təhsili;
9.6.2. texniki peşə təhsili;
9.6.3. texniki peşə təhsili ilə yanaşı tam orta təhsil;
9.6.4. yüksək texniki peşə təhsili almaq hüququ verilir.
9.7. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidənhazırlanma kursları təşkil olunur.
9.8. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir:
9.8.1. ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 2 il;
9.8.2. tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;
9.8.3. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il;
9.8.4. ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;
9.8.5. tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il.
9.9. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
9.10. Ali təhsil almış şəxslərin də peşə təhsili almaq hüququ vardır.
9.11. Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 10. Peşə təhsili müəssisəsi
10.1. Peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla, sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır.
10.2. Peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir.
10.3. Peşə təhsili müəssisəsi bu Qanunla müəyyən olunmuş peşə təhsili sahəsi üzrə məqsədlərin əlçatan, səriştələrin inkişafı və karyerayönlü fasiləsiz peşə təhsilini və təlimini həyata keçirir.
10.4. Peşə təhsili müəssisəsi təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iş yerlərində təcrübə proqramlarının həyata keçirilməsini təmin edə bilər.
10.5. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələri fəaliyyət göstərir.
10.6. Bu Qanuna uyğun olaraq fəaliyyət göstərən özəl peşə təhsili müəssisəsi digər mülkiyyət növündə peşə təhsili müəssisələri ilə bərabər hüquqlara malikdir və bu Qanuna uyğun olaraq peşə təhsili haqqında dövlət sənədi verir.
10.7. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.
10.8. Tədrisin daha effektiv təşkili məqsədi ilə təhsilalanların və sifarişçilərin istəyini nəzərə alaraq, dövlət təhsil standartlarına və təhsil proqramlarına (kurikulumlara) riayət etməklə tədris prosesinin təşkili ilə bağlı təhsil müəssisəsinin növbəlilik əsasında fəaliyyəti həmin təhsil müəssisəsinin rəhbəri tərəfindən müəyyən edilir.
10.9. Azərbaycan Respublikasında formal, qeyri-formal və informal peşə təhsili formaları tətbiq olunur.
10.10. Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
10.11. Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir.
10.12. Peşə təhsili müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq peşə yarışlarının qalibləri olan təhsilalanlar üçün peşə təhsili müəssisəsinin öz vəsaiti hesabına məqsədli təqaüdlər təsis edə bilər.
10.13. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, peşə təhsili müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.
10.14. Dövlət və bələdiyyə peşə təhsili müəssisələri “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır.
10.15. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
10.16. Özəl peşə təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
10.17. Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla təsdiq edilir.
10.18. Təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsilalanlar və ya onların qanuni nümayəndələri arasında münasibətlər müqavilə ilə tənzimlənir.
10.19. Peşə təhsili müəssisəsi qabaqcıl texnika və texnologiya ilə tanışlıq məqsədilə istehsalat təlimi üzrə mütəxəssislərini müvafiq müəssisələrə təcrübəyə göndərir.
10.20. Peşə təhsili müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
10.21. Dövlət özəl və bələdiyyə peşə təhsili müəssisələrinin inkişafını dəstəkləyir və bu məqsədlə müvafiq dəstək mexanizmləri tətbiq edir. Bu dəstək mexanizmlərinin növləri, habelə tətbiqinin prinsipləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.22. Azərbaycan Respublikasında fəaliyyət göstərən peşə təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.
10.23. Peşə təhsili müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, psixoloji xidmət təşkil olunur.

Maddə 11. İstehsalat təlimi və təcrübəsi, iş yerində təcrübə müqaviləsi
11.1. Peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, işəgötürən, o cümlədən özəl müəssisə və təşkilatlarda və digər şəxslərdə istehsalat təlimi və təcrübəsi keçirlər.
11.2. İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əmək haqlarından əlavə təcrübə saatları üçün nəzərdə tutulmuş haqq ödənilir.
11.3. İşəgötürənin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi bağlayır.
11.4. İş yerində təcrübə müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.5. On beş yaşına çatmayanlarla iş yerində təcrübə müqaviləsi onların valideynləri və ya digər qanuni nümayəndələrinin razılığı ilə bağlanılır.
11.6. İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əmək haqqı ödəyir.
11.7. İş yerində təcrübə müqaviləsi əsasında təhsilalanlar müəssisənin işçi heyətinin siyahısına daxil edilmir.

Maddə 12. Peşə təhsili müəssisəsinin təsisçisi
12.1. Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
12.2. Peşə təhsili müəssisəsinin fəaliyyəti üçün aşağıdakı qeyd olunan şərtlər təmin edilməlidir:
12.2.1. təşkilati struktur və nizamnaməyə malik olmaq;
12.2.2. ixtisaslı müəllim və mühəndis-pedaqoji işçilərə malik olmaq;
12.2.3. peşə təhsilinin dövlət standartlarına uyğun şəraitə, o cümlədən peşə təhsilinin tələblərini qarşılayacaq tədris avadanlıqları və təlim texnologiyalarına malik olmaq.
12.3 Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
12.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 13. Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası
13.1. Azərbaycan Respublikasında hər bir peşə təhsili müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır.
13.2. Peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.
13.3. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
13.4. Peşə təhsili sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən lisenziyanın şərtləri pozulduqda, peşə təhsilinin dövlət standartının tələbləri yerinə yetirilmədikdə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hallarda onların lisenziyası ləğv edilir.
13.5. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.
13.6. Peşə təhsili müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.
13.7. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır.
13.8. Peşə təhsili müəssisəsinin işçilərinin attestasiyası (sertifikatlaşdırılması) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir.
13.9. Peşə təhsili müəssisəsinin akkreditasiyadan keçə bilməməsi onun lisenziyasının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğvi üçün əsasdır.

Maddə 14. Peşə təhsili haqqında dövlət sənədi
14.1. Bu Qanuna uyğun olaraq, peşə təhsili müəssisəsində təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır.
14.2. Müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
14.3. Peşə təhsili müəssisəsini müvəffəqiyyətlə bitirənlərə peşə təhsilinin hər bir səviyyəsinə uyğun kvalifikasiya dərəcəsi göstərilməklə aşağıdakı növ təhsil haqqında dövlət sənədləri verilir:
14.3.1. diplom (adi);
14.3.2. diplom (fərqlənmə);
14.3.3. sertifikat (qısa müddətli kursları bitirənlərə).
14.4. Peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı, tam orta təhsil almış şəxslərə diplom və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tam orta təhsil haqqında attestat verilir.
14.5. Yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsi verilir.

Maddə 15. Peşə təhsili müəssisəsində iaşə və tibbi xidmət
15.1. Peşə təhsili müəssisələrində göstərilən tibbi və iaşə xidmətinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.2. Dövlət peşə təhsili müəssisələrində təhsilalanlara ödənişsiz tibbi xidmətin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.
15.3. Əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əlavə müalicə-bərpa xidmətinin göstərilməsi təmin edilir.
15.4. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq bütün peşə təhsili müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhsilalanların dispanserizasiyası həyata keçirilir, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım almaq hüququ təmin edilir. Dövlət peşə təhsili müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.
15.5. Peşə təhsili müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

3-cü fəsil
PEŞƏ TƏHSİLİ SİSTEMİNİN İDARƏ OLUNMASI, TƏHSİL SUBYEKTLƏRİNİN HÜQUQLARI,
VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 16. Peşə təhsili müəssisəsinin idarə olunması
16.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
16.2. Dövlət peşə təhsili müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir.
16.3. Bələdiyyə və özəl peşə təhsili müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.
16.4. Peşə təhsili müəssisəsi rəhbərinin səlahiyyətləri peşə təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
16.5. Peşə təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və qəyyumlar şuraları, valideynlər şurası və s.) yaradılır.
16.6. Dövlət peşə təhsili müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.
16.7. Dövlət peşə təhsili müəssisəsinin pedaqoji şurası haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
16.8. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.
16.9. Peşə təhsili müəssisəsinə qəbul əmək bazarında real tələblərə uyğun formalaşdırılır.
16.10. Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 17. Peşə təhsili prosesinin iştirakçıları
17.0. Peşə təhsili prosesinin iştirakçıları aşağıdakılardır:
17.0.1. təsisçilər;
17.0.2. təhsilalanlar (tələbələr, müdavimlər);
17.0.3. təhsil verənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki işçilər;
17.0.4. tədrisə köməkçi heyət – metodistlər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial xidmət sahəsinin işçiləri, tibb işçiləri və digər işçilər;
17.0.5. valideynlər və ya digər qanuni nümayəndələr;
17.0.6. təhsili idarəetmə orqanları;
17.0.7. peşə təhsili müəssisəsi ilə əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

Maddə 18. Peşə təhsili sahəsində təhsilalanların hüquqları və vəzifələri
18.1. Peşə təhsili sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
18.2. Peşə təhsili sahəsində təhsilalanlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər:
18.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
18.2.2. təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, təhsilalma formasını, yarımilliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək;
18.2.3. şəxsiyyətin alçaldılmasına yönəlik hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq;
18.2.4. təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
18.2.5. tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;
18.2.6. bu Qanuna uyğun olaraq, iaşə xidməti ilə təmin edilmək;
18.2.7. dövlət vəsaiti hesabına yalnız bir dəfə pulsuz təhsil almaq;
18.2.8. yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak etmək;
18.2.9. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
18.2.10. təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də müasir biliklərə, tədris və pedaqoji bacarıqlara malik olmaq məqsədilə təhsil sahəsində ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;
18.2.11. konfranslarda, seminarlarda, yığıncaqlarda, görüşlərdə, proqram və layihələrdə və təhsillə bağlı inkişafyönlü digər tədbirlərdə iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
18.2.12. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
18.3. Peşə təhsili sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır:
18.3.1. dövlət təhsil standartlarına uyğun praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək;
18.3.2. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;
18.3.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndis-pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
18.3.4. əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək;
18.3.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
18.3.6. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 19. Peşə təhsili sahəsində təhsilverənlərin hüquqları və vəzifələri
19.1. Peşə təhsili sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:
19.1.1. normal və təhlükəsiz əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, həmçinin müasir standartlara cavab verən təlim texnologiyaları ilə təmin olunmaq;
19.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, səmərəli təkliflər irəli sürmək;
19.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
19.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;
19.1.5. tədris etdikləri fənlər üzrə bilik və bacarıqlarının artırılması, peşəkarlıq səviyyələrinin davamlı yüksəldilməsi məqsədilə staj keçmək, ixtisas dərəcəsini yüksəltmək və ya yeni ixtisas əldə etmək;
19.1.6. mükafatlandırılmaq və təltif olunmaq;
19.1.7. təhsil müəssisəsində vəzifə tutmaq və uyğun gəldikdə, seçkili vəzifələrə öz namizədliyini irəli sürmək, seçmək və seçilmək;
19.1.8. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
19.2. Peşə təhsili sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:
19.2.1. peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
19.2.2. ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə təkmilləşmə kurslarından və attestasiyadan (sertifikatlaşdırılmadan) keçmək;
19.2.3. dövlət tərəfindən qoyulan məzmun standartlarının tələblərinə uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək;
19.2.4. peşə təhsili müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifə funksiyalarını yerinə yetirmək;
19.2.5. təhsilalanlara vətənə, ana dilinə, adət-ənənələrə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə qarşı hörmət hissləri aşılamaq, onları azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq, onlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;
19.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
19.2.7. təhsilalanların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;
19.2.8. tədris və tərbiyə prosesinin aparılmasına cavabdehlik daşımaq, qiymətləndirməni həyata keçirmək və innovasiyalara meyilli olmaq;
19.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 20. Peşə təhsili müəssisəsində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi
20.1. Dövlət peşə təhsili müəssisələrində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda üzrə, bələdiyyə və özəl peşə təhsili müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir.
20.2. Peşə təhsili prosesinin iştirakçıları “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunur.
20.3. Dövlət təhsilalanların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir, təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir və həyata keçirilməsinə şərait yaradır.
20.4. Dövlət peşə təhsili müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər işçilərin sosial müdafiəsinə təminat verir.
20.5. Dövlət peşə təhsili müəssisələrinin işçilərinin vəzifə maaşı və ona əlavələr işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.6. Dövlət peşə təhsili müəssisəsi öz sərəncamında olan vəsait hesabına işçilərin vəzifə maaşına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
20.7. Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan, habelə onların arasından olan, ciddi tərbiyə şəraitinə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi peşə təhsili müəssisələrində, o cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin vəzifə maaşlarına əlavələr olunur.
20.8. Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
20.8.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
20.8.2. I, II və III qrup əlillər;
20.8.3. şəhid ailəsinin üzvləri;
20.8.4. 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

4-cü fəsil
PEŞƏ TƏHSİLİNİN İQTİSADİYYATI

Maddə 21. Peşə təhsil sistemində mülkiyyət münasibətləri
21.1. Peşə təhsili müəssisəsinin mülkiyyətinə dövlət, təsisçi (təsisçilər), hüquqi və fiziki şəxslər tərəfindən verilən əmlak, habelə bu Qanunda və nizamnaməsində öz əksini tapan fəaliyyət nəticəsində əldə edilən əmlak, o cümlədən əqli mülkiyyət məhsulları daxildir.
21.2. Təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.
21.3. Peşə təhsili müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsait və cəlb olunmuş investisiyalar, həmçinin qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
21.4. Dövlət peşə təhsili müəssisəsinin özəlləşdirilməsinə, peşə təhsili müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir.
21.5. Dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi
22.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
22.1.1. dövlət peşə təhsili müəssisəsi:
22.1.1.1. dövlət büdcəsinin vəsaiti;
22.1.1.2. dövlət fondlarının vəsaiti;
22.1.1.3. büdcədənkənar vəsait;
22.1.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsait;
22.1.1.5. kreditlər, qrantlar, ianələr;
22.1.1.6. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.1.7. cəlb edilmiş investisiyalar;
22.1.1.8. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsait.
22.1.2. bələdiyyə və özəl peşə təhsili müəssisələri:
22.1.2.1. təsisçinin (təsisçilərin) vəsaiti;
22.1.2.2. təhsil xidmətlərinə görə əldə olunan vəsait;
22.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;
22.1.2.4. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;
22.1.2.5. kreditlər, qrantlar, ianələr;
22.1.2.6. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsait.
22.2. Dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.
22.3. Peşə təhsili müəssisəsi bu Qanunla və öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər.
22.4. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsil haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.
22.5. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsait bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən təhsilalanların stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
22.6. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.

Maddə 23. Peşə təhsili sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti
23.1. Peşə təhsili müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
23.2. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün peşə təhsili müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.
23.3. Peşə təhsili müəssisəsinin model sənaye müəssisələrinin işində iştirak etməklə, sahibkarlıq və innovasiya fəaliyyətini həyata keçirmək hüququ vardır.
23.4. Dövlət peşə təhsili müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
23.5. Peşə təhsili müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu Qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.
23.6. Dövlət və bələdiyyə peşə təhsili müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır.
23.7. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə peşə təhsili müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər.
23.8. Dövlət peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.
23.9. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni təlim texnologiyaları tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
23.10. Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.
23.11. Peşə təhsili müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
23.12. Peşə təhsili müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.
23.13. Peşə təhsili müəssisəsinin rəhbəri məhsul istehsalı və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərin bölgüsünün şəffaflığına cavabdehdir.
23.14. Peşə təhsili müəssisəsi öz əmtəə nişanını yarada bilər.
23.15. Peşə təhsili müəssisəsi istehsal etdiyi məhsulları və xidmətlərini öz əmtəə nişanı (brendi) ilə dövlət, özəl müəssisələrə və geniş alıcı kütləsinə çatdırmaq məqsədilə satış-sərgiləri həyata keçirə bilər.

Maddə 24. Peşə təhsilində dövlət və özəl sahənin əməkdaşlığı
24.1. İşəgötürənlər və onları təmsil edən təşkilatlar, o cümlədən özəl qurumlar peşə təhsilinin təşkilində, təhsil proqramlarının (kurikulumların) formalaşdırılması və tədrisində, qəbul, eləcə də buraxılış imtahanlarının keçirilməsində iştirak edə bilərlər.
24.2. Peşə təhsili müəssisələri işəgötürənlərlə istehsalat təcrübəsinin keçirilməsini və iş yerində öyrənməni təmin etmək üçün müqavilələr bağlaya bilərlər.
24.3. Peşə təhsili sahəsində işəgötürənlərlə əməkdaşlıq mexanizminin qurulması və işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyasının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi stimullaşdırıcı tədbirlər həyata keçirilir.

5-ci fəsil
YEKUN MÜDDƏALAR

Maddə 25. Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq
25.1. Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
25.2. Peşə təhsili müəssisəsinin bu Qanuna, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq beynəlxalq təcrübədən yararlanmaq, rəhbər və mühəndis-pedaqoji işçi heyətinin müasir biliklərə, tədris və pedaqoji bacarıqlara yiyələnməsi məqsədilə xarici ölkələrin peşə təhsili müəssisələri, təşkilatları və fondları ilə əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq, peşə təhsili üzrə birgə struktur bölmələri yaratmaq, təhsil sahəsində fəaliyyət göstərən dövlət, qeyri-hökumət qurumlarına daxil olmaq, peşə təhsili ixtisaslarına beynəlxalq sertifikat almaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək hüququ vardır.

Maddə 26. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 aprel 2018-ci il
No– 1071-VQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU