TÜRKPA-NIN İQTİSADİ ƏMƏKDAŞLIQ KOMİSSİYASININ İCLASI KEÇİRİLDİ
Aprelin 8-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, diplomatlar, TÜRKPA Katibliyinin əməkdaşları iştirak edirdilər.
İclası açan komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin (parlament) üzvü Salaidin Aydarov bildirdi ki, dünya bazarına inteqrasiya baxımından elm və iş adamlarının qarşılıqlı əməkdaşlığı çox vacibdir. Elmin iş adamlarına dəstək verməsi, texnoloji yeniliklərin tətbiqi, bu sahədə qanunvericiliyin yenilənməsi baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir. İclasda “Ortaq texnologiyanın inkişafı: TÜRKPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda hesabat layihəsi ətrafında müzakirələr aparılacaq, tövsiyə qərarı qəbul ediləcəkdir.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Levent Karahocagil bildirdi ki, hesabat layihəsi komissiya üzvlərinə paylanıb. Yeni texnologiyalar istehsal prosesinə əhəmiyyətli dərəcədə töhfə verə bilir. Texnologiyanın inkişafı isə elmsiz mümkün deyil. Bunun üçün də texnologiyanın inkişafına kömək edə biləcək yerli mütəxəssislərin xarici ölkələrə üz tutmasının qarşısı alınmalıdır. Qeyd olundu ki, türk dünyasının vahid İş Şurasının yaradılması Prezidentlərimizin də razılaşdığı bir məsələdir.
Hesabatın müzakirəsi zamanı çıxış edən Qırğızıstandan olan ekspert Şarabidin Amatov öz ölkəsində yeni texnologiyaların tətbiqi vəziyyəti barədə məlumat verdi. O, təbii sərvətlərdən düzgün istifadə etmək üçün Qırğızıstanda yeni texnologiyaların tətbiqi üçün görülən işlərdən danışdı.
Müzakirələr zamanı çıxış edən Qazaxıstan Senatının üzvü Sarsenbay Yensegenov, Azərbaycan Milli Məclisinin üzvü İlham Əliyev, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov hesabat layihəsi barədə qeyd və təkliflərini bildirdilər.
Müzakirələrin sonunda “Ortaq texnologiyanın inkişafı: TÜRKPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda tövsiyə qərarı qəbul olundu. İclasda bir sıra təşkilati məsələlərə də baxıldı.
Tədbirə yekun vuran komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin üzvü Salaidin Aydarov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi.
Bununla da Türkdilli Ölkələrin Parlament Assambleyasının İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən 7-ci iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti