TOPONİMİYA KOMİSSİYASININ İCLASINDA
Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilmişdir. İclasda təşkilatı məsələlərə baxılmışdır.
İlk iclasa sədrlik edən Komissiyanın üzvü Nizami Cəfərov “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnamənin 3.1.1-ci maddəsinə müvafiq olaraq birinci iclasda Komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi ilə bağlı təklifi səsləndirmişdir. Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, Komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürmüşdür.
Komissiya üzvləri məsələyə münasibət bildirərək hər üç şəxsin namizədliyini dəstəkləmişlər. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilmişdir.
Milli Məclisin
Mətbuat xidməti