Toponimiya Komissiyasının iclasında

Komisiya iclasları
11 mart 2026 | 13:06   

Martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib.  İclasda komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, gündəliyə Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ daxil edilib.

Bildirilib ki, ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilmiş, müxtəlif dövrlərdə məkirli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adıToponimiya Komissiyası tərəfindən bərpa edilib. Qeyd olunub ki, aparılan dəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və milli toponimlərin qorunmasına və bərpasına xidmət edib.

Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyətindən bəhs edərək, Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən müraciət daxil olduğunu söyləyib. O, qeyd edib ki, müraciətə əsasən Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunur.

Məsələ ətrafında aparılan müzakirələrdə Toponimiya Komissiyasının sədr müavini, parlamentin komitə sədri  Musa Quliyev, komissiyanın üzvləri - parlamentin komitə sədri Anar İsgəndərov, deputatlar Hikmət Məmmədov, Elnarə Akimova, Əziz Ələkbərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Möhsün Nağısoylu çıxış edərək qeyd və təklflərini səsləndiriblər.

İclasda Quba  rayonunun inzibat ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adlarının dəyişdirilərək “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması məqsədəmüvafiq hesab olunub.

Tədbirdə Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, həmin şöbənin sektor müdiri, Toponimiya Komissiyasının katibi Cavid İskəndərov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU