MİLLİ MƏCLİSİN İCLASINDA

30/06/20
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 7 məsələ daxil edilib və sənədlərin hamısı üçüncü oxunuşda olan qanun layihələridir. 
Əvvəlcə, İqtisadi  siyasət, sənaye və sahibkarlıq  komitəsinin  sədri Tahir Mirkişili gündəliyə bir zərfdə daxil olmuş dörd məsələ - Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (üçüncü oxunuş) məlumat verdi. 
Bildirildi ki, adı çəkilən qanunlara nəzərdə tutulan dəyişikliklər elektron notariat və elektron məhkəmə sistemlərinin digər informasiya sistemləri ilə məlumat mübadiləsinin aparılması üçün qanuni əsas yaratmaq məqsədi ilə edilmişdir. Bu dəyişiklik həm də vətəndaşın dövlət orqanına müraciətini minimuma endirmək və dövlət orqanlarının vətəndaşdan tələb etdiyi informasiyanı almaq imkanı yaradacaqdır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
 Sonra Milli Məclis  Sədrinin  müavini,  İctimai  birliklər  və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli  ölkə Prezidenti tərəfindən bir məktubda daxil olmuş növbəti üç məsələ barədə məlumat verdi.
Bildirildi ki, üçüncü oxunuşda təqdim edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və  “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədini daşıyır. Habelə, “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını nəzərdə tutur. Qanunlarda, həmçinin, uyğunlaşdırma xarakterli dəyişikliklər də aparılıb. Qeyd edildi ki, hər üç qanun layihəsi üçüncü oxunuşun tələblərinə cavab verir.
Qanun layihələri ayrı-ayrılıqda üçüncü oxunuşda qəbul olundu.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək dedi ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı. Bildirdi ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclası keçirilmiş, 35 qanun və qərar qəbul edilmişdir. 
Spiker əminliklə söylədi ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcəkdir.   
Sədr diqqətə çatdirdi ki, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər görülmüşdür. Pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlarımız ilə videokonfrans formatında bir sıra görüşlər keçirilmiş və danışıqlar aparılmışdır. 
Sahibə Qafarova həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın da uğurlarına möhkəm zəmin yaradacağına inamını bildirdi və səmərəli fəaliyyət üçün deputatlara təşəkkür ifadə etdi. 
Milli Məclisin Sədri öz nitqində dedi: “Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq parlamentarizm günü qeyd edilir. Bu gün biz qürurla söyləyə bilərik ki, Azərbaycan xalqının zəngin parlamentarizm ənənələri vardır və dünya miqyasında parlamentarizmin inkişafına xalqımız da dəyərli töhfələr vermişdir. 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, eləcə də bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərmişdir. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq bu parlament qadınlara seçki hüququ vermişdi. 
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra digər dövlət orqanları kimi onun parlamenti də ləğv edilmişdir. Sovet hakimiyyəti dövründə qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilmişdir. Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, həmin dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynamışdır. 
Xüsusən dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq dövrü yaşanmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə Azərbaycanın böyük sosial-iqtisadi və  intellektual potensialı var idi”.
Spiker təəssüflə qeyd etdi ki, müstəqilliyin ilk illərində xalqımız ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş müstəqil dövlətimizin aqibətini yaşamaq təhlükəsi qarşısında idi. Lakin 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanıb dağılmaqdan, müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. 
Ulu öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Heydər Əliyev 1993-cü ilin oktyabrında Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları  məhz bu dövrdə və bu binada başlanmışdır. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırmış və onun peşəkar nümayəndəli orqan kimi formalaşdırılması istiqamətlərini müəyyənləşdirməyə imkan vermişdir. 
Parlamentin Spikeri bildirdi ki, müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən  Konstitusiyası əsasında səmərəli idarəçilik mexanizmi qurulmuş, hüquqi dövlətin əsas atributlarından olan real hakimiyyət bölgüsü həyata keçirilmiş, peşəkar parlament – Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılmışdır. 
Ötən dövrdə Azərbaycan parlamenti ölkədə həyata keçirilən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, geniş miqyaslı siyasi, iqtisadi, sosial və hüquqi islahatların qanunvericilik bazasını təmin etməyə nail olmuş, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün əsaslı zəmin yaratmışdır. Milli Məclis bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmuş, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının parlament məclislərinin fəal üzvü olmuşdur.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, bu gün dünyanın tanınmış siyasi liderləri və dövlət başçıları sırasında layiqli yer tutan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr vermişdir. Cənab İlham Əliyev 8 il Azərbaycan parlamentinin deputatı olmuşdur. O, Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyətimizə uğurla rəhbərlik etmiş, parlament Assambleyası Sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. Məhz həmin dövrdə bu təşkilat Azərbaycanın haqq işini dəstəkləyən bir neçə sənəd qəbul etmişdir. 
Möhtərəm Prezidentimiz İlham Əliyev Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət, qayğı və hörmət göstərir. Dövlət başçısı Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun olan çoxsaylı qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Azərbaycan parlamentində qanunyaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşməsi üçün görülən tədbirlər dövlət başçısı tərəfindən qətiyyətlə dəstəklənir. 
Ölkəmizdə parlamentarizm ənənələrinin inkişafından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Mehriban xanım 12 ilə yaxın müddət ərzində bizim həmkarımız olmuş, deputat kimi xalqımıza və dövlətimizə xidmət etmişdir. O, ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynamış, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak etmişdir.  
Mehriban xanım bir sıra qanunların təşəbbüsçüsü, o cümlədən 4 amnistiya aktının müəllifidir. O, Milli Məclisin beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün çox işlər görmüş, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil etmişdir. 
Çıxışının sonunda Sahibə Qafarova söylədi ki, bu gün Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla yerinə yetirir. 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan Respublikası dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir. 
Sədr dedi ki, Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı sahəsində keçilmiş yola və görülmüş işlərə məhz bu gün nəzər salmağın real əsası və rəmzi mənası vardır. Mən Beynəlxalq parlamentarizm günü münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm, hər birinizə möhkəm can sağlığı, parlament fəaliyyətində uğurlar arzulayıram. 
Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsi ilə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı Beynəlxalq parlamentarizm gününə həsr edilən videoçarx nümayiş etdirildi.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan etdi. 
Dövlət himni səsləndirildi və Parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırdı.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi