MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA

06/08/20
Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası parlamentin Sədri  Sahibə Qafarova  aparırdı.  
Spiker bildirdi ki,  gündəliyə  6 məsələnin  ikinci oxunuşda  müzakirəsi  daxil edilib  və  ilk 3 məsələ - büdcə  sisteminə  daxil olan  sənədlərdə  dəyişikliklərin edilməsi  ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. 
Gündəlik təsdiq edildi və İqtisadi  siyasət, sənaye  və sahibkarlıq  komitəsinin sədri  Tahir  Mirkişili   ilk məsələ - “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi  ikinci  oxunuşda təqdim etdi. O,   qeyd  etdi ki, yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olmuşdur. İstər  dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. 
Tahir  Mirkişili bildirdi ki,  sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Sonra  Milli Məclisin  komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa,  Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Vahid Əhmədov, Erkin Qədirli,  Vüqar Bayramov, Rauf Əliyev, Fəzail Ağamalı, Etibar Əliyev, Aydın Mirzəzadə, Əziz Ələkbərov, Arzu Nağıyev, Səttar  Möhbalıyev  2020-ci il  büdcə layihəsinə dəyişikliklərlə bağlı fikirlərini açıqladılar, pandemiyanın yaratdığı iqtisadi gerçəkliklər, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər, təhsil haqları ilə bağlı büdcə vəsaitinin artırılması, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən  ölkənin bəzi bölgələrində su  qıtlığı problemlərinin  həlli ilə bağlı həyata keçirilən layihələr barədə  danışdılar. 
Tahir Mirkişili  və  Maliyyə nazirinin müavini Azər Bayramov  deputatları maraqlandıran məqamlara  aydınlıq gətirdilər. 
Sənəd  ikinci oxunuşda  səsə  qoyularaq  qəbul edildi. 
Sonra  Tahir  Mirkişili  “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair  məlumat verdi. 2020-ci ilin birinci  yarımilliyi üçün Nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri  açıqladı.  Bildirildi ki,  təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət  Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur.  Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun  hesabında formalaşan  191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir. 
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri  Hicran Hüseynova,  deputatlardan Tahir Kərimli,  Vahid Əhmədov,  Nəsib Məhəməliyev, Sabir  Rüstəmxanlı, Aqil Abbas sənədlə bağlı bəzi məqamlara toxundular, təkliflərini bildirdilər.  
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova, Əmək və  sosial siyasət  komitəsinin  sədri  Musa Quliyev, Əmək və əhalinin  sosial müdafiəsi nazirinin müavini Anar Əliyev millət  vəkillərini maraqlandıran  suallara ətraflı cavablar  verdilər. 
Sənəd  səsə  qoyularaq ikinci oxunuşda  qəbul edildi. 
İclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”  qanuna  təklif olunan dəyişikliklər də ikinci oxunuşda müzakirə edildi. Sənədlə bağlı  fikirlərini  bildirən Tahir Mirkişili qeyd  etdi ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif edilir.  Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaqdır. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir. 
Sənəd  səsə  qoyularaq  qəbul  edildi. 
Sonra Musa Quliyev “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda şərh etdi.  Komitə  sədri sənədin parlamentdə birinci oxunuşda  müzakirəsi  zamanı  millət  vəkilləri  tərəfindən  səsləndirilən təkliflərin əksəriyyətinin nəzərə alındığını bildirdi. Qeyd  edildi ki,  təkliflər əsasən  texniki və stilistik xarakterli olub. 
Qanun layihəsi ilə bağlı komitə sədrləri Sadiq Qurbanov, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Razi Nurullayev  və  Sabir Rüstəmxanlı yeni  təkliflərini  səsləndirdilər.
Bundan sonra komitə  sədri Musa Quliyev, Əmək və əhalinin  sosial müdafiəsi nazirinin müavini Anar Əliyev millət  vəkillərini maraqlandıran  suallara aydınlıq  gətirdikdən  sonra qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda təsdiqləndi. 
Sonra “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər (ikinci oxunuş) barədə məlumat verən Musa Quliyev dedi ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanmışdır. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur. 
Bundan başqa, müxtəlif  iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.
Musa Quliyev  qeyd  etdi ki, sənədin  komitədə və Milli  Məclisdə müzakirələri zamanı deputatlar  və  mütəxəssislər  tərəfindən təklif olunan  vacib məqamlar nəzərə alınıb.  
Qanun layihəsi  səsə qoyularaq  ikinci oxunuşda qəbul edildi. 
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq  siyasəti  və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun  layihəsini (ikinci oxunuş) təqdim etdi. Bildirildi ki, Milli Məclisin dünən keçirilən iclasında sənədlə  bağlı  geniş məlumat verilib və millət  vəkilləri  tərəfindən  heç bir  təklif  qeydə alınmayıb.  Birinci vitse-spiker məcəllənin  müvafiq maddəsindən çıxarılmış  “yerli idarəetmə orqanı” sözünün  qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini diqqətə çatdırdı.
Qanun layihəsi  səsə qoyularaq ikinci oxunuşda  təsdiqləndi.
Bununla da Milli Məclis bugünkü  işini başa  çatdırdı.   

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi




















Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi