MDB PA-nın HÜQUQİ MƏSƏLƏLƏR üzrə DAİMİ KOMİSSİYASININ İCLASINDA

23/10/20
Oktyabrın 23-də Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin üzvləri – Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev və deputat Əminə Ağazadə MDB Parlamentlərarası Assambleyasının Hüquqi məsələlər üzrə daimi komissiyasının videokonfrans formatında keçirilən iclasında iştirak etdilər. 
İclasda MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədri, Tacikistan Respublikası Ali Məclisinin komitə sədri Emomali Nasriddinzoda iştirakçılara gündəlik barədə məlumat verdi. 
Videokonfransda öncə təşkilati məsələlərə baxıldı. Emomali Nasriddinzoda yenidən Hüquqi məsələlər üzrə daimi komissiyanın sədri, Azərbaycan Milli Məclisinin deputatı Əminə Ağazadə isə komissiyanın sədr müavini seçildi. 
Əminə Ağazadə çıxış edərək MDP PA-da Azərbaycanı təmsil etməkdən şərəf duyduğunu vurğuladı, ona göstərilən etimada görə həmkarlarına təşəkkür etdi, qurum çərçivəsində səmərəli əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu bildirdi.
Sonra  iclasda “Cinayətlərdən zərər çəkmiş vətəndaşlara vurulan ziyanın ödənilməsi haqqında” model qanunun layihəsi təqdim olundu. Layihə barədə Qazaxıstan Parlamenti Məclisinin üzvü Yevgeni Kozlovun, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Aza Qubayevanın və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Yuri Sinelşikovun məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələrdə model qanun layihəsinə dair irad və təkliflər diqqətə çatdırıldı.  
Daha sonra deputatlar model qanunvericilik aktlarının hazırlanması üçün Hüquqi məsələlər üzrə daimi komissiya yanında Ekspert Şurasının nəzərdən keçirdiyi təkliflərə münasibət bildirdilər. 
İclasda “İnvestisiya və etibarlı bankçılıq haqqında”, “Sığorta haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Müqavilə hüququ haqqında (ümumi müddəalar)” model qanun layihələri üzərində işlərin gedişi barədə məlumatlar verildi, müzakirələr aparıldı.  
“Hüquqi məsələlər üzrə daimi komissiyanın 10 oktyabr 2019-cu il tarixli qərarının icrası barədə” məsələni MDB PA Şurası Katibliyinin Baş katibi Dmitri Kobitski təqdim etdi. Müzakirə fikir plüralizmi şəraitində keçdi. 
Videokonfransda MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının 2019-cu ildəki işinin nəticələri və bir sıra digər məsələlər müzakirə olundu. 
İclasda gedən müzakirələrdə Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan, Rusiya nümayəndə heyətlərinin üzvləri rəy və təkliflərini   bildirdilər. 
Videokonfransda müzakirəyə çıxarılan bütün məsələlər barədə müvafiq qərarlar qəbul olundu. 

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi