MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 12-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2017-ci ilin payız sessiyası dövründə ilk iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi və işlərində müvəffəqiyyətlər dilədi.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə və “Hesablama Palatası haqqında” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
İyunun 22-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə hakimlərin təyinatı ilə bağlı 6 məsələ, həmçinin digər qanun layihələri daxil edilib. Öncə iclasda Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov Azərbaycan Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məlumat verdi. Bildirdi ki, namizədlər irəli sürülərkən MHŞ-ın təklifləri nəzərə alınıb.
KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
İyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Öncə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qanun layihəsi üzərində aparılmış işlər barədə məlumat verdi. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov qanun layihəsini təqdim etdi.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi (ikinci oxunuş) daxil edilib. Məlumat verildi ki, müvafiq qurumlar tərəfindən bu qanun layihəsinin hazırlanması üçün iki il iş aparılıb. Dünyanın 72 ölkəsinin bu sahədə təcrübəsi öyrənilib. Layihə hazırlandıqdan sonra isə Milli Məclisə təqdim olunub.
ELM və TƏHSİL KOMİTƏSİNDƏ
İyunun 7-də Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələyə baxıldı. İclasda qanun layihəsini Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təqdim etdi.
MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASI KEÇİRİLDİ
İyunun 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verdi. Bildirdi ki, ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub.
MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
İyunun 5-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilmişdir.
KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
İyunun 5-də Milli Məclisdə Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında 9 məsələyə baxıldı.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
İyunun 1-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verdi. Qeyd olundu ki, həm İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər, həm də “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunda dəyişiklik edilməsi qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır. Əhliman Əmiraslanov bildirdi ki, ölkə əhalisinin dərman təchizatını yaxşılaşdırmaq, həmçinin keyfiyyətsiz dərman və dərman vasitələrinin Azərbaycan bazarına daxil olmasının qarşısını almaq istiqamətində dövlət səviyyəsində görülən tədbirlər müsbət nəticəsini verib.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədrinin müavini Eldar Quliyev iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Tütün və tütün məmulatı haqqında” qanunlara dəyişikliklərlə bağlı layihələr daxil edilib. Bildirildi ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə göndərilib.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Mayın 25-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.İclası açan komitə sədri Ziyad Səmədzadə gündəliyə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin daxil edildiyini bildirdi. O, qeyd etdi ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb. Dünya ölkələri arasında toqquşmaların, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz daxili stabillik nümayiş etdirib.
MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. İclasda “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Komitə sədri Rafael Hüseynov bildirdi ki, bu qanun kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə sənədin müzakirə olunacağını diqqətə çatdırdı.Komitə sədri bildirdi ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib və turizmin inkişafı ilə bağlı qanunvericiliyə uyğunlaşdırmağa xidmət edir.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 15-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. İclasda “Turizm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli “Veteranlar haqqında” və Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrindəki texniki dəyişiklikləri diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.
MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Mayın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələyə baxıldı. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsini təqdim etdi.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Komitə sədri qeyd etdi ki, parlamentdə birinci oxunuşda müzakirəsindən sonra qanun layihəsi yenidən diqqətlə öyrənilmiş, səslənən fikirlərə diqqətlə yanaşılmışdır.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 2-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclası acan komitə sədri Eldar İbrahimov bu günlərdə Çexiyaya səfərindən söz acdı. O, Çexiya Parlamentində keçirilən görüşlər barədə məlumat verdi. Bildirildi ki, görüşlərdə Azərbaycan-Çexiya əlaqələri, hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi.Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilmişdir.
İCTİMAİ BİRLİKLƏR VƏ DİNİ QURUMLAR KOMİTƏSİNDƏ
Aprelin 24-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Siyavuş Novruzov bildirdi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna 3 dəyişiklik təklif edilir. Belə ki, qanunun hazırkı variantına görə, ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Təklif olunan birinci dəyişikliyə görə isə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.

